TDT DİN başçılarının növbəti görüşü Qazaxıstanda keçiriləcək

Türk Dövlətləri Təşkilatının (TDT) daxili işlər nazirlərinin üçüncü görüşü Qazaxıstanda keçiriləcək.
"Cebheinfo.az" xəbər verir ki, bu barədə qərar TDT DİN başçılarının Bakıda keçirilən ikinci görüşündə qəbul olunub.
Qeyd edək ki, TDT türk dövlətləri arasında hərtərəfli əməkldaşlığa yardım edən beynəlxalq hökumətlərarası təşkilatdır. Təşkilat türk ölkələrinin dövlət başçılarının 2009-cu il oktyabrın 3-də Naxçıvan şəhərində keçirilən Zirvə Görüşündə imzalanmış Naxçıvan Sazişinə əsasən 2012-ci il noyabrın 1-də yaradılıb. Təşkilat yaradılarkən adı Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası (TDƏŞ) olub. 2021-ci ildə təşkilatın adına dəyişiklik edilib və hazırda Türk Dövlətləri Təşkilatı adı ilə fəaliyyətini davam etdirir.
Azərbaycan təşkilatın dörd təsisçi ölkəsindən biridir və hazırda təşkilatın beş üzv dövləti var: Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Türkiyə. Macarıstan, Türkmənistan və Şimali Kipr Türk Respublikası isə təşkilatda müşahidəçi statusa malikdir. Təşkilatın mənzil-qərargahı Türkiyənin İstanbul şəhərində yerləşir. Baş katibi 2022-ci il noyabrın 11-dən etibarən Kubanıçbek Omuraliyevdir (Qırğızıstan).
"Cebheinfo.az"