Vətəndaşların kredit borcu niyə artır: Vərdiş, yoxsa ehtiyac?

Bu ilin I rübündə də Azərbaycan əhalisinin borclanma səviyyəsində artım dinamikası davam edib. Bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) məlumatında deyilir. Sənədə əsasən, yanvar-mart aylarında respondent bankların 85 %-i əhalinin borclanma səviyyəsində dəyişiklik olmadığını, 15 %-i isə orta dərəcədə artım olduğunu bildirib. Nəticədə rüb üzrə diffuziya indeksi 8 % təşkil edib.
Bu isə əhalinin borclanma səviyyəsində artım dinamikasının davam etdiyini göstərir. 3 ayda cəmi istehlak kreditləri, o cümlədən kredit kartları üzrə kredit standartlarında sərtləşmə davam edib. İstehlak kreditləri üzrə standartlarda sərtləşmə əsasən kreditlərin maya dəyərinin və komissiya məbləğinin artımı formasında olub. Respondentlər növbəti rübdə ümumi istehlak kreditləri, o cümlədən kredit kartları üzrə standartlarda sərtləşmənin davam edəcəyini proqnozlaşdırırlar.
Sorğunun nəticələrinə əsasən, ümumi istehlak kreditlərinə, o cümlədən kredit kartlarına tələbdə dəyişiklik olmayıb. Banklar növbəti rübdə ümumi istehlak kreditləri üzrə tələbdə artım olacağını, bununla belə, kredit kartlarına tələbdə dəyişiklik olmayacağınıproqnozlaşdırırlar.
İstehlak kreditləri üzrə maliyyələşmə dəyəri, kapital mövqeyi və əhalinin ödəmə qabiliyyətinə dair gözləntilər kredit standartlarına sərtləşdirici təsir göstərib. Bütövlükdə, sorğu nəticələrinə əsasən, bankların istehlak portfeli üzrə artım dinamikasının növbəti rüb də davam edəcəyi gözlənilir.
Qeyd edək ki, bu gün ölkədə əhalinin əksəriyyəti banklara istehlak kreditləri ilə bağlı müraciət edir. Ümumiyyətlə, istehlak kreditləri ilə bağlı müraciətlərin sayı niyə artır?
Məsələ ilə bağlı iqtisadçı-ekspert Razi Abbasbəyli “Cümhuriyət”-ə bildirib ki, vətəndaşlar toy, nişan, səhiyyə ehtiyaclarını, digər zəruri xərcləmələri həyata keçirə bilmədiklərinə görə banklara müraciətlər edirlər:
“Bu da vətəndaşların borclanmasını sürətlə artırır. Eyni zamanda, kredit faizlərinin yüksək olması da problemli kreditlərin həcminin artmasına gətirib çıxarır. Azərbaycanda kredit faizlərinin yüksək olması vətəndaşların krediti geri qaytarmaq imkanlarını zəiflədir. Bütün bunlar da təkrar borclanma hallarına səbəb olur.
Yəni, bir krediti icra edib bitirməmiş, digər kredit üçün müraciət etmək məcburiyyətində qalır. Azərbaycanda artıq təkrar kredit borclanması kütləviləşib. Bu da kredit portfelinin böyüməsinə gətirib çıxarır. Nəticə etibarilə də prosesin davam edəcəyini Mərkəzi Bank doğru proqnozlaşdırıb.
Çünki yaxın aylarda, ən azı iyul ayına qədər büdcəyə təkrar baxılması, sosial müavinətlərin və əmək haqlarının artırılması ilə bağlı hələlik konkret qərarlar yoxdur. Yəni, ilin birinci yarısına qədər bu proses davam edəcək. İlin birinci yarısından Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təqdim etdiyi layihə var.
Orada sosial müavinətlərin artırılması təklif olunur, hələlik bu da konkretləşməyib. Bundan sonra hökumət hansı qərarı verəcəyi, vətəndaşların sosial rifahının yaxşılaşdırılması istiqamətində hansı addımlar atacağı məlum deyil”.
Ekspertin fikrincə, digər tərəfdən Mərkəzi Bankın istifadə etdiyi maliyyə aləti, məsələn, uçot dərəcələrini nəzərə çarpacaq dərəcədə aşağı salmırlar:
“Çünki risklər var. Neftin qiyməti kifayət qədər ucuzlaşıb. Bu da manata təzyiqləri artırır. Əgər uçot dərəcələrini azaltsalar, nəticə etibarilə manat indiki səviyyəsindən dəfələrlə dəyər itirəcək. Alıcılıq qabiliyyəti zəifləyəcək. Faktiki olaraq risklər hər gün artmaqdadır. Bu maliyyə riskləri də nəticə etibarilə vətəndaşların həyatında özünü mənfi formada göstərir. Ona görə də təəssüf ki, proses davam edəcək. Kreditləşmə, eyni vətəndaşın da təkrar borclanma halları da artacaq”.
Ekspertin sözlərinə görə, bu ilin ilk iki ayında rəsmi açıqlamalara əsasən, büdcə təşkilatlarında işləyənlərin ixtisarı nəticəsində 10 min nəfər işini itirib:
“Eyni zamanda, işini itirənlərin təkrar məşğulluğa cəlb edilməsi, iş tapması çətinləşir. Bu da vətəndaşların məcburi və zəruri, icbari ehtiyaclarını qarşılamaq üçün özü və yaxud yaxınları vasitəsilə kredit müraciətləri etmək məcburiyyəti yaradıb. Bu isə vətəndaşların kredit borclanması üzrə statistikanın böyüməsinə səbəb olub.
Rəsmi iş yeri olmadan istehlak krediti götürmək müxtəlif yollarla mövcuddur. Bunlardan biri kimi bu gün ölkədə lombard kreditlərinin həcminə baxsaq, fantastik şəkildə artıb. Doğrudur, bu sahədə maliyyə hesabatı hazırlamaq çətindir. Çünki lombardların fəaliyyəti haqqında qanun qəbul olunmayıb.
Ancaq müşahidələr göstərir ki, xeyli insanın lombardlara borclanmasına gətirib çıxarıb. Bunun üçün rəsmi gəlir tələb olunmur. Vətəndaş hansısa qiymətli əşyanı, qızıl, zərgərlik məmulatını aparıb lombardda girov qoyur.
Yaxud da vətəndaşların mənzillərini, avtomobillərini girov qoyaraq pul götürür. Girov müqabilində pul kreditləri üçün müraciətlərin həcmi 2024-cü illə müqayisədə 2025-ci ildə 27 faiz artıb. Bu, ticarət alqı-satqısı deyil. Sadəcə ehtiyac üçün pul kreditinin əldə edilməsidir. İş yeri olmayan vətəndaş belə, girov qoyaraq pul krediti götürür”.
Ekspert deyir ki, vətəndaşların istehlak krediti götürməsinin sadəcə adətkar olması ilə əlaqələndirilməsi məntiqsiz yanaşmadır:
“Sadəcə dedi-qodudan başqa bir şey deyil. Peşəkar yanaşma da deyil. Vətəndaş özü üçün yük yaratmaq istəməz. Arzu, istək, insan psixologiyası, Şərq mədəniyyəti kimi amilləri düşünənlər gərək bir araşdırma aparsınlar. Görək kredit götürənlərin faktiki yaşam şəraiti hansı səviyyədədir. Yəni, kredit götürənlərin arasında neçə faiz sosial yardım üçün müraciət edib?
Bizdə sosioloji olaraq araşdırmalar aparılmır ki, doğurdanmı vətəndaşın ehtiyacı var kredit götürməyə, yoxsa sadəcə əyləncə xərclərini qarşılamaq, yaxud həvəskardır. Bu kimi ifadələr doğru yanaşma deyil. Vətəndaşın ehtiyacı olmasaydı, bütün gəlirləri onun xərclərini qarşılasa, hesab etmirəm ki, hansısa vətəndaş vərdiş xatirinə təkrar kredit üçün müraciət etsin. Bu, mümkün olan məsələ deyil”.
Nigar Abdullayeva
"Cebheinfo.az"