Bir vəkilin fəaliyyəti dayandırılıb: Beşinə töhmət verilib

Bir vəkilin fəaliyyəti dayandırılıb: Beşinə töhmət verilib

Azərbaycan Respublikasının Vəkillər Kollegiyası (ARVK) Rəyasət Heyətinin mayın 23-də növbəti iclası keçirilib.

ARVK-dan “Cebheinfo.az”-a verilən məlumata görə, kollegiyanın sədri Anar Bağırov Rəyasət Heyətinin cari fəaliyyəti, görülən işlər və qarşıda duran vəzifələr barədə ətraflı məlumat verib.

Daha sonra iclasın gündəliyinə uyğun olaraq vəkilliyə qəbulla bağlı məsələlərə baxılıb. Belə ki, ixtisas imtahanlarının yazılı və şifahi mərhələlərini, eləcə də icbari təlim proqramını uğurla başa vuran vəkilliyə namizədlərin andiçmə mərasimi keçirilib. Namizədlər vəkil etikası və peşə borcları ilə bağlı and içərək Kollegiya sıralarına qəbul ediliblər.

Eyni zamanda dövlət qulluğuna keçdiklərinə görə vəkillik fəaliyyəti dayandırılmış iki vəkilin fəaliyyətinin bərpa edilməsi ilə bağlı müraciətlərinə baxılıb. Rəyasət Heyətinin qərarı ilə onların vəkillik fəaliyyətinin yenidən bərpası təsdiqlənib və vəsiqələr təqdim olunaraq gələcək fəaliyyətlərində uğurlar arzulanıb.

İclasın davamında Vəkillərin İntizam Komissiyasının rəylərinə baxılıb və Rəyasət Heyəti tərəfindən yol verdikləri intizam pozuntularına görə bir vəkilə xəbərdarlıq edilib, beş vəkilə töhmət verilib və bir vəkilin fəaliyyəti isə müəyyən müddətə dayandırılıb.

Sonda Kollegiyanın fəaliyyəti ilə bağlı digər cari və əhəmiyyətli məsələlər də müzakirə olunub və zəruri qərarlar qəbul edilib.

“Cebheinfo.az”