Türk dünyası üçün tarixi an

“Türk dünyasını Şimali Kiprsiz tam hesab etmək olmaz”.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türk Dövlətləri Təşkilatının (TDT) Budapeştdə keçirilən qeyri-rəsmi sammitində belə deyib. “Biz inanırıq ki, Şimali Kipr Türk Cümhuriyyətinin daxil olmadığı türk dünyasının ailə fotosu həmişə natamam olacaq”, - deyə Prezident bildirib. Ərdoğan sammitdə atılan mühüm addımı da qeyd edib:
“Bu gün biz ŞKTC-nin Türk Akademiyasında müşahidəçi statusu ilə bağlı qərarı çox mühüm addım kimi görürük. Ümid edirəm ki, çox da uzaq olmayan gələcəkdə hamımız ŞKTC-nin təşkilatımıza tamhüquqlu üzv kimi qəbul ediləcəyi günü görəcəyik”.
Qeyd edək ki, Türk Dövlətləri Təşkilatının son iclaslarında ŞKTC-nin bu quruma tamhüquqlu üzv qəbul olunacağı barədə məlumatlar gündəmin əsas mövzularından olub. Lakin bu proses hələ ləngiyir. Azərbaycan sözügedən məsələ ilə bağlı Türkiyənin mövqeyini birmənalı şəkildə dəstəkləyəcəyini bəyan edib. Şimali Kiprin təşkilata de-yure üzv kimi cəlb olunması müstəqil dövlət kimi tanınmasına yol aça bilər.
Politoloq Bakir Həsənbəyli “Cümhuriyət”-ə bildirib ki, yaxın perspektivdə Şimali Kipr Türk Cümhuriyyətinin Türk Dövlətləri Təşkilatına üzv olması gözlənilir. Belə bir qərarın qəbul edilməsi TDT-nin yeni geosiyasi güc mərkəzinə çevrilməsində əhəmiyyətli rol oynaya bilər:
“Şimali Kipr Türk Cümhuriyyəti Türk Dövlətləri Təşkilatına müşahidəçi statusunda üzv qəbul edilib. Türkiyə Cümhuriyyətinin Prezidenti cənab Rəcəb Tayyib Ərdoğanın “Şimali Kiprsiz Türk dünyasını təsəvvür etmək çətindir.
Qısa müddətdə Şimali Kiprin TDT-yə tamhüquqlu üzv kimi qəbul ediləcəyinə inanırıq” fikri türk dünyasının Şimali Kiprlə əlaqələrinin möhkəmləndirilməsinə hesablanıb. TDT ölkələrinin Şimali Kipr Türk Cümhuriyyətinin müstəqilliyini tanıması və onun bərabərhüquqlu üzv kimi təşkilata qəbulu mümkündür.
Düzdür, bunun üçün TDT üzvi olan ölkələrin ŞKTC-yə baxış bucaqları dəyişməlidir. Bu da zamanla həllini tapacaq. Şimali Kipr Türk Respublikası TDT-nin Mərkəzi Asiyadan Aralıq dənizinə kimi uzanan gücə çevrilməsində xüsusi bir rol oynaya bilər.
Bu addımın Kipr məsələsində türklərə qarşı qurulan oyunun aradan qaldırılmasına təsir göstərəcək. Avropa Birliyi və digər aktorların Şimali Kiprin TDT-yə müşahidəçi üzv olmasının əleyhinə çıxışları onların türk xalqının mənfəətlərinə qarşı olmasının açıq təzahürüdür. Şimali Kipr uzun illərdir ki, İslam Əməkdaşlığı Təşkilatında və TÜRKSOY-da müşahidəçi üzv statusundadır.
Yəni, ŞKTC-nin müşahidəçi üzv qəbul olunmasının çoxlu örnəyi var. Şimali Kiprin müstəqilliyinin tanınması və tamhüquqlu üzvlük məsələsini yaxın gələcəkdə daha çox beynəlxalq geosiyasət və siyasi konyuktura müəyyən edəcək. Hazırda TDT ilə Şimali Kipr arasında əlaqələrin gücləndirilməsi niyyəti var və bunun təməlində müəyyən strategiya dayanır.
Düşünülmüş, eyni zamanda strateji addımlar atmaqla TDT və Şimali Kipr Türk Cümhuriyyəti arasındakı əlaqələr dərinləşə bilər. İstisna deyil ki, TDT ölkələri ŞKTC-nin müstəqilliyini tanıyacaq. Ankaranın Lefkoşanı təşkilatın tamhüquqlu üzvü etmək istəkləri də bunu şərtləndirir”.
Müşfiq Abdulla
"Cebheinfo.az"