Tehranın Zəngəzur "oyunu": Səfir kimin “ağzı” ilə danışır?

İranın İrəvandakı fövqəladə və səlahiyyətli səfiri Mehdi Sübhani Azərbaycan və Ermənistan arasında nəqliyyat-kommunikasiya əlaqələrinin açılmasına qarşı növbəti təxribatçı bəyanatla çıxış edib.
Mayın 22-də Zəngəzura səfər edən diplomat deyib:
“Əlbəttə, biz sülhü dəstəkləyirik. Biz Ermənistan və Azərbaycan arasında sülh danışıqlarını da dəstəkləmişik və dəstəyimizi davam etdirəcəyik. Biz hesab edirik ki, sülh sazişinin imzalanması həm iki ölkənin, həm də bütün regionun maraqlarına uyğundur. Biz bu müqavilənin imzalanması prosesinə töhfə verməyə hazırıq.
Bildiyiniz kimi, biz əvvəllər Ermənistanın Baş nazirinin “Sülh kəsişməsi” adlı təşəbbüsünü alqışlamışıq. Bu, bölgəni blokdan çıxarmaq üçün bir səbəb ola bilər. Bu, regionun çiçəklənməsinə töhfə verəcək. Çünki iqtisadiyyatın əsasını nəqliyyat təşkil edir və bu, regionda nəqliyyatın inkişafına töhfə verə bilər.
Bilirsiniz ki, biz blokun açılmasının əleyhinə deyilik. Bizim mövqeyimiz sizə məlumdur, lakin istənilən blokun açılması Ermənistanın suverenliyi altında həyata keçirilməlidir. Hesab edirəm ki, bu təşəbbüs həm də regionda malların daşınmasını asanlaşdıracaq. Hər kəs sülh sazişinin imzalanmasınıalqışlamalıdır”,-deyə səfir bildirib.
Mehdi Sübhanininaçıqlamasına diqqət yetirdikdə, onun Azərbaycanın öz ərazilərini işğaldan azad etdikdən sonra Ermənistanla kommunikasiyaların blokdan açılması məsələsinə işarə etdiyini görmək olar. Azərbaycana qarşı ermənipərəst münasibəti ilə tanınan diplomat bu dəfə də İran rejiminin ənənəvi mövqeyini təkrarlayıb. Söhbət ilk növbədə, Zəngəzur dəhlizinin açılmasından gedir.
Görünür, Azərbaycanın son vaxtlar Çinlə yaxınlaşması, rəsmi Pekinin “Orta dəhliz”ə marağının artması fonunda Ermənistan ərazisindən nəqliyyat-tranzit əlaqələrinin açılmasına artan ümidlər Tehranda narahatlıqla qarşılanıb. Ona görə də səfir kommunikasiyaların blokdan açılması ilə bağlı avantürist yanaşma nümayiş etdirərək, Zəngəzur dəhlizinin Ermənistanın ərazi bütövlüyünə və suverenliyinə zidd olduğu barədə rəy yaratmağa çalışır.
Ona görə də M.Sübhani Zəngəzurdan dəhlizin deyil, Ermənistanın nəzarəti altında olan yolun açılmasının vacibliyinə eyham vurmaqla, 2020-ci il 10 noyabr Bəyanatının icrasına qarşı çıxır. Son zamanlar İran-Azərbaycan münasibətlərinin normallaşması kontekstində rəsmi Tehranın Zəngəzur dəhlizi məsələsi ilə bağlı siyasətində dəyişikliyin olub-olmadığına dair suallar səslənməyə başlayıb. Lakin Mehdi Sübhaninin açıqlaması göstərir ki, hökumətdə təmsil olunan islahatçı qanaddan fərqli olaraq, Zəngəzur dəhlizinin açılmasına rejimin mühafizəkar dairələrinin yanaşması dəyişməyib.
İran rejiminin bu təxribatçı addımı yalnız Azərbaycanın deyil, Rusiyanın da bölgədəki maraqlarına ziddir. Çünki Tehran rəsmisi belə bir açıqlama verməklə Rusiyanın Zəngəzur dəhlizininin təhlükəsizliyini təmin etməsinə qarşı çıxan Nikol Paşinyan hökumətinə dəstək verir.
Ermənistan rəhbərliyinin kommunikasiyaların dəhliz məntiqi əsasında açılmamasına dair təklifi isə İranı qane edir. Mayın 21-də İrəvanda səfərdə olan İranın müdafiə naziri Əziz Nəsirzadə İran-Ermənistan sərhədini “iki ölkə arasında tarixi əlaqələrin mənbəyi” adlandırıb.
O, Tehranın bu sərhədə heç bir müdaxiləyə icazə verməyəcəyini bəyan edib. Bununla da müdafiə naziri “İran-Ermənistan” sərhədi deyərkən əslində, Zəngəzur dəhlizinə işarə edərək, Tehranın bunun açılmasına qarşı olduğunu xatırladıb. Mehdi Sübhaninin qeyd edilən açıqlaması məhz Əziz Nəsirzadənin fikrinin davamı hesab oluna bilər.
Müşfiq Abdulla
"Cebheinfo.az"