Ceyhun Bayramov Koreyanın yeni səfirini qəbul edib

Ceyhun Bayramov Koreyanın yeni səfirini qəbul edib

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Koreyanın Azərbaycana yeni təyin olunmuş səfiri Kimqu Kanqı qəbul edib.

"Cebheinfo.az"  xəbər verir ki, görüş zamanı səfir etimadnaməsinin surətini C.Bayramova təqdim edib. Nazir səfiri təyinat münasibətilə təbrik edib, ona fəaliyyəti müddətində uğurlar arzulayıb. Səfir iki ölkə arasında münasibətlərin daha da inkişafı üçün bütün səylərini səfərbər edəcəyini diqqətə çatdırıb.

Görüş zamanı, Azərbaycan-Koreya ikitərəfli və çoxtərəfli əməkdaşlıq gündəliyi müzakirə olunub.

İki ölkə arasında diplomatik münasibətlərin qurulmasından ötən illər ərzində iqtisadiyyat, investisiyalar, humanitar, təhsil, turizm və s. istiqamətlər üzrə əməkdaşlığın vəziyyətinin müzakirə edildiyi görüş zamanı həmçinin kənd təsərrüfatı, yüksək texnologiyalar, səhiyyə və digər potensial istiqamətlərin mövcudluğu vurğulanıb. Ölkələrimiz arasında beynəlxalq platformalar, xüsusilə də Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirəyə(AQEM) ölkəmizin sədrliyi dönəmində əməkdaşlığın vacib olduğu diqqətə çatdırılıb. Azərbaycanda keçirilən beynəlxalq sərgilərdə Koreya tərəfinin yaxından iştirakı barədə qarşı tərəfdən məlumat verilib.

Bununla yanaşı, ali təhsil və peşə istiqamətləri üzrə birgə əməkdaşlıq çərçivəsində Koreya Respublikasının İNHA Universiteti ilə Bakı Mühəndislik Universitetinin ikili diplom proqramlarının, eləcə də Sənayə və İnnovasiyalar Bakı Dövlət Peşə Təhsil Mərkəzinin əldə olunan vacib nailiyyətlər sırasında olduğu qeyd edilib.

Tərəflər ölkəmizin iqlim diplomatiyası səyləri, Azərbaycanda keçirilmiş BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) sədrliyi, sessiya çərçivəsində əldə olunan nailiyyətlərdən danışıblar.

Görüş zamanı həmçinin, keçmiş Ermənistan-Azərbaycan münaqişəsinin tarixçəsi, eləcə də post-münaqişə dövründə vəziyyət barədə qarşı tərəfə ətraflı məlumat verilib. Azərbaycan tərəfinin təşəbbüsü ilə aparılan sülh prosesində Ermənistan konstitusiyasında ölkəmizə qarşı ərazi iddiaları və Minsk Qrupunun ləğvi məsələsi kimi maneələr qeyd olunub. Bununla yanaşı, işğaldan azad olunmuş ərazilərimizdə aparılan bərpa-yenidənqurma işləri və minasızlaşdırma fəaliyyəti barədə fikir mübadiləsi aparılıb.

Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər nəzərdən keçirilib.

"Cebheinfo.az"