Zelenskinin qərarından sonra: Səfər ləğv edildi

ABŞ dövlət katibi Marko Rubio Ukraynada müharibəyə son qoymaq üçün danışıqlar aparmaq üçün Londona səfərini ləğv edib.
Bu, Ukrayna Prezidenti Volodimir Zelenskinin Kiyevin sülh sazişinə əsasən Krımı Rusiya kimi tanımayacağını bəyan etməsindən sonra baş verib.
“Cebheinfo.az” xəbər verir ki, bunu “New York Times” yazır.
Dövlət Departamentinin sözçüsü Tammi Brus Rubionun qərarını onun işinin çoxluğu ilə əlaqələndirib. "Bu, onun iş qrafiki ilə bağlı texniki məsələlərə aiddir", - mətbuat katibi bildirib.Görüşün bu gün, aprelin 23-də baş tutması planlaşdırılırdı. Rubiodan başqa, ABŞ Prezidenti Donald Trampın Rusiya Prezidenti Vladimir Putinlə danışıqlar aparan xüsusi nümayəndəsi Stiv Vitkoff da iştirak etməyəcək.
Amerika nümayəndə heyətinə Trampın digər xüsusi nümayəndəsi Keyt Kelloq başçılıq edəcək. “Axios” bildirir ki, görüşdə ABŞ Ukraynadan onun əvvəllər Kiyev və Vaşinqtonun avropalı müttəfiqlərinə təqdim etdiyi sülh təklifinə cavab almaq istəyir. Plan, xüsusən, ilhaq edilmiş Krımın de-yure Rusiya ərazisi, qalan ələ keçirilən Ukrayna torpaqlarının isə de-fakto Rusiya ərazisi kimi tanınmasını nəzərdə tutur.
Sülh təşəbbüsü həm də Ukraynanın NATO-ya üzv olmaqdan imtina etməsini nəzərdə tutur. Bir gün əvvəl Zelenski bir daha açıq şəkildə bəyan etdi ki, Kiyev qanuni olaraq Krımı Rusiya kimi tanımır. "Bu, bizim Konstitusiyamızdan kənardır. Bu, bizim ərazimizdir, Ukrayna xalqının ərazisidir", - deyə Zelenski bildirib.
Onun sözlərinə görə, Ukrayna nümayəndə heyəti Londonda ABŞ və avropalı müttəfiqləri ilə görüşdə əsas diqqəti “şərtsiz atəşkəs”in yaradılması imkanlarına yönəldəcək.Bundan əvvəl ABŞ Prezidenti Donald Tramp bəyan etmişdi ki, tərəflərdən biri razılaşmaların əldə olunmasına mane olarsa, Vaşinqton Ukrayna üzrə sülh danışıqlarında iştirakını dayandıra bilər.
Xəzər
“Cebheinfo.az”