Bu gün müharibənin taleyi həll edilir: Nəyin müqabilində?

Bu gün müharibənin taleyi həll edilir: Nəyin müqabilində?

Fransa və Britaniya rəhbərliyi Ukraynanın bəzi ərazilərinin itirilməsini, yəni 2022-ci ildən sonra rəsmi şəkildə Rusiya Federasiyasının ilhaq etdiyi bölgələri tanıması ilə nəticələnə biləcək sülh sazişi ssenarisinə “açıqdır”.
 
"Cebheinfo.az"
xəbər verir ki, bu barədə "The Wall Street Journal" (WSJ) diplomatik dairələrdəki mənbələrə istinadən məlumat yayıb.

Mənbələrin bildirdiyinə görə, London və Paris hesab edir ki, əgər Ukrayna bu cür tanımaya razılaşsa, bunun əvəzində onun gələcək təhlükəsizliyinə dair etibarlı təminat və davamlı iqtisadi inkişaf üçün güclü dəstək alacaq: 

“Amma Fransa və Britaniya istərdi ki, Kiyev bu bölgələrin itirildiyini sadəcə de-fakto, yəni rəsmiləşdirmədən qəbul etsin. Onlar bu yanaşmanı Şimali və Cənubi Koreya arasında 1950–1953-cü illərdəki müharibədən sonra imzalanan atəşkəs sazişi ilə müqayisə ediblər”.

Ukraynanın bəzi əraziləri rəsmi şəkildə itirdiyini tanımaq ehtimalı Kiyev rəhbərliyi və Avropadakı tərəfdaşlarında narahatlıq doğurub. 

Qəzet qeyd edir ki, belə bir addım atmaq üçün Ukraynada həm siyasi, həm də hüquqi baxımdan ciddi maneələri aşmaq lazım olacaq.

Bildirək ki, aprelin 23-də Londonda keçiriləcək Ukrayna ilə bağlı danışıqlarda ABŞ rəsmiləri Ukrayna, Fransa və Britaniyaya yeddi bəndlik sülh planı təqdim edəcək. 

Plana görə, Vaşinqton dərhal atəşkəsin elan olunmasını, Ukrayna ilə Rusiya arasında birbaşa danışıqların başlanmasını, Kiyevin NATO-ya üzvlük istəyindən imtinanı, Krımın Rusiya ərazisi kimi tanınmasını və 2022-ci ildən sonra Rusiya tərəfindən faktiki olaraq nəzarətə götürülmüş ərazilərin bu şəkildə qəbulunu təklif edəcək.

Görüş ərəfəsində Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov "Financial Times" qəzetinə açıqlamasında bildirib ki, ABŞ və Rusiya arasında Ukrayna ilə bağlı danışıqlar asan keçməyəcək və bu proses vaxt aparacaq.

O, həmçinin əlavə edib ki, bu danışıqlardan tez bir nəticə gözləmək düzgün olmaz. 

Səbinə Uğur 
"Cebheinfo.az"