Hər 3 məzundan biri ixtisasına uyğun iş tapa bilmir

Hər 3 məzundan biri ixtisasına uyğun iş tapa bilmir

“Son 5 ildə diqqətçəkən bir dəyişiklik baş verib. Azərbaycanda dövlət sifarişi (ödənişsiz) yerlərin sayı artıb, ödənişli yerlərin payı isə azalıb. 2019-cu ildə qəbul olunan tələbələrin yalnız 30%-i ödənişsiz oxuyurdu, 2024-cü ildə bu göstərici artıq 50%-i keçib. Artıq bir qəbul ilində 30 minə yaxın gənc ali məktəbdə dövlət hesabına təhsil alır. Bu, əlçatanlıq və sosial ədalət baxımından mühüm addımdır”. 

“Cebheinfo.az” xəbər verir ki, bu fikirləri təhsil üzrə ekspert Kamran Əsədov deyib.

Ekspertin sözlərinə görə, amma statistika gənclərin böyük əksəriyyətinin hələ də ödənişli əsaslarla oxuduğunu göstərir: 

“Universitetlərin çoxunda “tələbə cəlbetmə” və “məzun istehsalı” əsas prioritetə çevrilib, əmək bazarında isə hər 3 məzundan biri ixtisasına uyğun iş tapa bilmir. Diplomun bazar dəyəri isə hələ də arzuolunan səviyyədə deyil. Valideynlər və gənclər universiteti bilik və bacarıq üçün yox, daha çox “diplom almaq üçün” seçməyə məcbur qalır. 

Bütün bu reallıqlar fonunda ortaya belə bir sual çıxır ki, biz “universitet oxuyan” cəmiyyətik, yoxsa “universiteti oxudan” və onu bazara çevirən? Təhsil dəyər, bilik və inkişaf üçün vasitə olmasa, gənclər sadəcə kağız diplomla əmək bazarında yeni çətinliklərlə qarşılaşacaq.

İndi əsas çağırış – artan dövlət dəstəyinin ardınca ali təhsilin keyfiyyətini, nəticələrini və işəgötürən üçün real dəyərini artırmaqdır. Əks halda, kommersiya riski hələ də arxa planda qalacaq”. 

Nigar 
“Cebheinfo.az”