Məşhur şirkət işçilərinin 20 faizdən çoxunu ixtisar edir

ABŞ-nin texnologiya nəhəngi “Intel” bu həftə işçilərinin 20 faizdən çoxunu ixtisar edəcəyini açıqlamağa hazırlaşır.
"Cebheinfo.az" Modern.az-a istinadən xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi məlumat yayıb.
Agentliyin məlumatına görə, ixtisarların əsas məqsədi şirkətdəki bürokratik yükü azaltmaq, idarəetməni sadələşdirmək və daha çox diqqəti mühəndislik və texnoloji yeniliklərə yönəltməkdir.
Qeyd olunur ki, “Intel” ötən il də oxşar addım ataraq 15 minə yaxın işçisini ixtisar etmişdi. 2024-cü ilin sonuna şirkətin əməkdaşlarının ümumi sayı 108,9 min nəfər təşkil edib.
Hazırkı ixtisarlar, mart ayında Lip-Bu Tanın “Intel”in baş direktoru vəzifəsinə keçməsindən sonra həyata keçiriləcək ilk kadr dəyişiklikləridir. Yeni rəhbərliyin bu qərarı şirkətin strukturunun yenidən qurulması və daha effektiv fəaliyyət modeli qurmaq niyyətindən xəbər verir.
"Cebheinfo.az"