Ötən il artıq ödənilmiş vergilərin həcmi 300 mln. manatdan çox artıb

Ötən il artıq ödənilmiş vergilərin həcmi 300 mln. manatdan çox artıb

2024-cü ilin əvvəli ilə müqayisədə dövrün sonuna dövlət büdcəsinə təmin olunan gəlirlər üzrə artıq ödəmələrin məbləği 300,4 milyon manat və ya 15,6% artaraq 2 milyard 225,6 milyon manat təşkil edib.

“APA-Economics” xəbər verir ki, bu “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsinin icrası haqqında” Qanun layihəsinə və “2024-cü il dövlət büdcəsinin icrasına dair illik hesabata” Hesablama Palatasının rəyində bildirilib.

Qeyd edilib ki, vergi nəzarəti tədbirlərinin həyata keçirilməsi ilə bağlı müvafiq normativ aktların müddəaları nəzərə alınmaqla, vergi ödəyicilərinin hesablarında artıq ödəmələrin mövcudluğu və ya belə ödənişlərin yaranması, eyni zamanda dövlət büdcəsindən vəsaitlərin geri qaytarılması faktlarının mövcudluğu həmin vergi ödəyiciləri üzrə vergi nəzarəti mexanizmlərinin şaxələndirilməsini, eləcə də vergi nəzarətinin effektivliyinin artırılmasını, vergi ödənişləri üzrə şəffaflığın təmin edilməsini və vergi intizamının gücləndirilməsini zəruri edən hallardır.

Dövlət mülkiyyətində olan vergi ödəyicilərinin hesabat dövrünün sonuna artıq ödəmə məbləğləri dövrün əvvəlinə olan artıq ödəmə məbləğlərinə nisbətən qaytarılmalar nəzərə alınmaqla 29,6 mln. manat və ya 4,4% artmaqla 696,6 mln. manata yüksəlmişdir ki, bu da əsasən Dövlət Neft Şirkəti, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi (tabeliyindəki qurumlar üzrə), “Azərişıq” ASC-nin artıq ödəmələrinin artması ilə əlaqədar olub.

"Cebheinfo.az"