Partiya sədri Əli Kərimlinin mitinqindən yazdı: "Xalq deyib bağıranları..."

“"Milli Şura" deyilən qurum aprelin 21-nə mitinq təyin edib, xalqı da bu mitinqdə fəal olmağa çağırıb”.
Bu sözləri Azad Vətən Partiyasının sədri Akif Nağı “Facebook” hesabında yazıb.
Siyasətçi bildirib ki, “Milli Şura” məqsədlərini də dolaşıq şəkildə izah edirlər:
“Guya "demokratik seçki keçirib", "xalqı xilas etmək" istəyirlər. O quruma rəhbərlik edənlərin bir hissəsi vaxtilə parlamentə düşüblər, indi vicdanları qalıbsa, bir xatırlasınlar, görək parlamentə hansı pəncərədən, arxa qapıdan düşmüşdülər? İndi yenədəmi parlamentə düşmək istəyirlər, hay-küy salıb hakimiyyətdən parlamentdə yer qopartmaqmı həvəsinə düşüblər? Xalq doğurdanmı bir daha bunların felinə aldanıb mitinqlərinə gedəcək?
Onlardan biri 1993-cü ildə məsul vəzifə tuturdu, jurnalist ondan soruşdu ki, niyə Qarabağı azad edə bilmədiniz, Kəlbəcər də getdi? O da, qayıdıb cavab verdi ki, "xalq ölümə getmədi, vuruşmadı, ona görə qalib gələ bilmədik". O vaxt 20 min şəhid vermiş xalqı bu cür təhqir edirdi , indi "əziz xalqım" deyib köməyə çağırır. Bu qədər mənəviyyatsız olmaq olmaz”.
Partiya sədri qeyd edib ki, mitinq keçirmək hər kəsin haqqıdır:
“Amma xalqa həqarət edənlər, xaricdən, o cümlədən ermənilərdən sifariş alanlar, ermənilərlə işbirliyi yapanlar bu haqqı artıq itiriblər. İstərdik ki, xalqımız bunu başa düşsün, bir daha dələduzlara inanıb, onların arxasınca getməsinlər, onların yalançı hay- küylərinə uymasınlar. Baxın, hər kəsə öz işinə, fəaliyyətinə, nəticəsinə görə qiymət verin. Qarabağı 30 illik işğaldan azad edənlərlə düşmənin dəyirmanına su tökənlərin arasında fərq qoymağı bacarın.
Bunları mən deməyə bilərdim, onsuz da bunların mitinqinə həvəs göstərənlərin 99 faizi maraq üçün gedənlərdi ki, gedim görüm nə danışacaqlar. Amma həm də yazmaya bilmirəm, çünki indi "xalq" deyib bağıranları ovcumun içi kimi tanıyıram, iç üzlərini 30 ildə dəfələrlə görmüşəm. 2018-ci ildə biz Qarabağ mitinqi çağıranda bunlar xaricdən aldıqları tapşırığa görə bir gecənin içində qərarlarını dəyişdilər, dedilər ki, mitinqin tələblərini müdafiə etmirik. Bunlar həmin izdihamlı mitinqi dünyaya elə təqdim etdilər ki, guya adam gəlməyib, xalq Qarabağı istəmir, ancaq demokratiya istəyir, Qarabağı ermənilərə verə bilərsiniz”.
Akif Nağı vurğulayıb ki, bu, onların xəyanətlərinin kiçik bir epizodudur:
“Bu mitinqlərlə onlar yenidən sifariş yerinə yetirir, xəyanət yolunu davam etdirirlər.
Qarabağımız Şəhidlərin qanı bahasına, Qazilərimizin hünəri, sücaəti ilə, xalqla dövlətin birliyi ilə azad olunub. Düşmənlərimiz bu qələbəni həzm edə bilmir, tarixin təkərini geri çevirməyə çalışırlar. Dövlətimiz bu təhdidlərə baxmagaraq irəliyə doğru yolunu davam etdirir. Qələbəni möhkəmləndirməyə, Qarabağımızı bərpa etməyə çalışırıq. Bunlar isə əl-ayağa dolaşır, mane olmağa çalışırlar.
Xeyirlə Şər yenə də üz-üzədir. Bir tərəf qurub-yaratmaq, qüdrətli Azərbaycan uğrunda çalışır, o biri tərəf isə "bir təhnə balı bir damla zəhərlə" məhv etməyə cəhd edir. Məncə, müdrik xalqımız artıq seçimini edib, bir damla zəhərlə aranı qarışdırmağa çalışanların əlindəkilərini özlərinə içizdirəcək!”.
“Cebhe.info”