Cəriməni ödəyib qohumla evlənmək olacaq?

Bildiyiniz kimi, ölkəmizdə qohum evlilikləri ilə bağlı yeni qərar qüvvəyə minəcək.
Belə ki, artıq əmi, xala, bibi və dayı uşaqlarının evliliyini qadağan edən layihə I oxunuşda təsdiqlənib. Bununla bağlı Ailə Məcəlləsinə dəyişiklik layihəsi parlamentdə I oxunuşda müzakirəyə çıxarılıb. Dəyişikliklə nikahın bağlanmasına mane olan halların sayı artırılıb. Məcəlləyə qardaşların və (və ya) bacıların ümumi bioloji baba və (və ya) nənəsi olan uşaqları, bioloji qohumluğu olan əmi (dayı) və qardaş (bacı) qızı, həmçinin bibi (xala) və qardaş (bacı) oğlu halları əlavə edilib. Müzakirələrdən sonra dəyişiklik layihəsi səsverməyə çıxarılaraq I oxunuşda qəbul edilib. Bundan əlavə, cərimə tətbiq olunacağı gözlənilir.
Maraqlıdır, bu, nikahdankənar münasibətləri artıracaqmı?
Rəsmi nikahsız münasibət quran kişilər övladına atalıq verə biləcəkmi?
Hüquqşünas Əsabəli Mustafayev "Cebhe.info"-ya açıqlamasında bildirib ki, dəyişikliklər qüvvəyə minərsə, nikahdankənar evliliklər artacaq:
"Bunun pis tərəfi odur ki, nikahdankənar evliliklər artacaq. Onsuz da bu cür nikahların sayı çoxdur.
Qanun isə bunu tanımır. Onlardan olan uşaqlar digər uşaqlar kimi hüquq və azadlıqlara sahib olacaq. Atalıq məsələsinə gəlincə, aliment verilməsinə görə nikahdankənar dünyaya gələn uşaqların atalığı tanıtdırılır. Lazım gələrsə, bu, gələcəkdə qohumlar arasında olan nikaha da şamil oluna bilər".
Onun sözlərinə görə, atalıq tanıtdırılsa da, digər məsələlər problem olaraq qalacaq:
"Bu, mülkiyyətlə, vərəsəliklə bağlı çoxsaylı problemlərə gətirib çıxaracaq. Qanun bu nikahı tanımadığı üçün onlar qanuni vərəsə sayılmayacaqlar.
Lakin bunun üçün cəzanın tətbiqinin tərəfdarı deyiləm. Cərimənin olması o demək deyil ki, onu ödədikdən sonra nikah bağlanmayacaq. Ancaq bir hərəkətə görə yalnız bir dəfə cərimə tətbiq olunur. İkinci dəfə olarsa, gərək cinayət məsuliyyəti olsun. Hüquq müdafiəçisi kimi bunun da tərəfdarı deyiləm".
“Təmiz dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova isə deyib ki, qadağalar davranış modelində dəyişikliklər yaradacaq:
"Əslində belə halların olması mümkündür. Qadağanın ilk dövrlərində, bu, daha çox maraq oyadacaq.
Amma elmi əsaslarla, statistikayla göstərilir ki, qohum nikahları böyük fəsadlar yaradır. İndiki ailə münasibətində qohum nikahlarının fəsadlarından biri də zorakılığın baş verməsi, qohumlar arasında gərginliyin olmasıdır. O cümlədən, xəstə doğulan uşaqlarla bağlı da rəqəmlər var. Qadağalar isə davranış modelini dəyişəcək".
Naibə
"Cebhe.info"