HAZIR OLUN: Dünyanın ən isti ili gəlir

HAZIR OLUN: Dünyanın ən isti ili gəlir

Dünya Meteorologiya Təşkilatı (WMO) dünyanı növbəti 5 ildə yeni istilik rekordlarının gözlədiyi barədə xəbərdarlıq edib. 

"Cebheinfo.az" xəbər verir ki, Təşkilat Böyük Britaniyanın Meteorologiya İdarəsi (Met Office) ilə birlikdə hazırladığı hesabatda bildirir ki, 2025–2029-cu illər arasında planetdəki orta illik temperatur əvvəlki dövrlərlə müqayisədə xeyli yüksələcək. Hesabatda vurğulanıb ki, qarşıdakı 5 ildə bir ilin temperaturunun əvvəlki dövrlə müqayisədə 1,5 dərəcə daha isti olması ehtimalı 86 faizdir. Hətta 5 ilin orta temperaturunun 1,5 dərəcəni keçmə ehtimalı 70 faiz olaraq göstərilir. 

Dünya Meterologiya Təşkilatı xəbərdarlıq edir ki, hər artan dərəcə daha kəskin istilik dalğaları, güclü yağışlar, uzunmüddətli quraqlıqlar, buzlaqların və dəniz buzlarının əriməsi, okeanların istiləşməsi və dəniz səviyyəsinin yüksəlməsi deməkdir. Bütün bunlar təkcə təbiətə deyil, insanların gündəlik həyatına, iqtisadiyyatlara və gələcək nəsillərə təsir göstərəcək. 

Hesabatda Paris İqlim Sazişinin 1,5 dərəcəlik hədəfinin artıq ciddi şəkildə təhlükə altında olduğu qeyd olunub. Əgər bu temperatur artımı davam edərsə, bu həddin müvəqqəti də olsa, getdikcə daha çox aşılması gözlənilir. Dünya Meterologiya Təşkilatından bildirilib ki, dünyanın indiyədək qeydə alınan ən isti 10 ili artıq yaşanıb. Təəssüf ki, istilərin bir müddət azalma ehtimalı yoxdur. Bu isə o deməkdir ki, iqlim dəyişikliklərinin mənfi təsiri gündəlik həyatımıza, iqtisadi sistemlərə, təbiətə və ümumilikdə Yer kürəsinə daha da güclü şəkildə hiss etdirəcək. İsti illər gəlir, buna hazır olmaq və tədbir görmək indi daha vacibdir. 

Səbinə Uğur 
"Cebheinfo.az"