Viktor Orban Ukraynanı bunda ittiham etdi

Macarıstanın Baş naziri Viktor Orban Ukraynanı ölkəsinə qarşı casusluq etməkdə, hətta Macarıstan ərazisində gizli əməliyyatlar aparmaqda ittiham edib.
"Cebheinfo.az" xəbər verir ki, o, bu barədə "Kossuth" radiosunun səhər proqramında danışıb.
Orban deyib ki, Ukrayna Avropa İttifaqına üzv olmaq üçün Macarıstanda ictimai rəyə təsir göstərməyə çalışır və bu məqsədlə macar müxalifətindən istifadə edir.
Baş nazir bildirib ki, Macarıstan təhlükəsizlik orqanlarının əlində Ukrayna agentlərinin fəaliyyəti barədə videomateriallar da var. Həmin şəxslər müxalifət partiyaları ilə əlaqə yaradaraq macarlarda Ukraynanın Aİ-yə daxil olmasını dəstəkləyəcək fikir formalaşdırmağa çalışırlar.
"Onların hərəkətləri açıq şəkildə göstərir ki, məqsədləri Macarıstan ictimaiyyətini Ukraynanın Aİ-yə qəbulunu dəstəkləməyə inandırmaqdır", - deyə Orban bildirib.
Baş nazir əlavə edib ki, ukraynalılar Macarıstan müxalifətini hərəkətə gətirmək və ölkədə keçirilən referendumun nəticələrini gözdən salmaq üçün dezinformasiya yayırlar.
Orban bildirib ki, Ukraynanın Aİ-yə tez bir zamanda qəbuluna qarşıdır və Brüsselin bu prosesdə tələsdiyini düşünür.
Macarıstan hökuməti bu məsələdə mövqeyini ölkədə iyunun ortalarına qədər davam edəcək referendumun nəticələrinə əsaslanaraq müəyyənləşdirəcək.
Xatırladaq ki, Macarıstanla Ukrayna arasında misli görünməmiş casus qalmaqalı yaşanır. Mayın 9-da Ukrayna Təhlükəsizlik Xidməti Zakarpatiya bölgəsində Macarıstan hərbi kəşfiyyatına işlədiyi iddia edilən iki nəfəri saxladığını açıqlayıb.
Bundan dərhal sonra Budapeşt Ukraynanın Macarıstandakı səfirliyində çalışan və diplomatik toxunulmazlığı olan iki casusu ölkədən çıxarıb. Kiyev də cavab olaraq iki macar diplomatını ölkədən qovub.
Macar hökuməti hesab edir ki, Ukrayna bu addımlarla ölkənin Avropa İttifaqındakı nüfuzunu sarsıtmaq və referendumun nəticələrinə kölgə salmaq istəyir.
Budapeştin fikrincə, bu təxribatlar Macarıstanı Ukraynanın əleyhinə işləyən, sülhdən danışsa da, əslində müharibəyə hazırlaşan bir ölkə kimi göstərmək məqsədi daşıyır.
Səbinə Uğur
"Cebheinfo.az"