Azərbaycanda əmək müqavilələrinin sayı açıqlanıb

Azərbaycanda əmək müqavilələrinin sayı açıqlanıb

2025-ci il aprelin 1-i vəziyyətinə ölkə iqtisadiyyatında əmək müqavilələrinin ümumi sayı təxminən 1,9 milyon nəfər təşkil edib.

"Cebheinfo.az" xəbər verir ki, bunu Azərbaycan Sahibkarlar (İşgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayev “Rəqəmsallaşma və süni intellektin iş yerlərinə təsiri” mövzusunda keçirilən konfransda çıxışı zamanı deyib.

M.Musayev bildirib ki,onlardan 900 min nəfəri dövlət sektorunda, 1 milyon nəfəri isə özəl sektorda fəaliyyət göstərir:

“1 mart 2025-ci il tarixinə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 10,2% artaraq 1043,6 manat təşkil edib. Bu gün Azərbaycan iqtisadiyyatı modernləşmə, rəqabətədavamlılıq və innovativ yanaşmalarla yeni mərhələyə qədəm qoyub. Müasir biznes mərkəzləri, sənaye zonaları və texnoparkların inkişafı ilə paralel olaraq, insan kapitalı, kadr potensialı və əmək resurslarının səmərəli idarə olunması məsələləri ön plana çıxır”- deyə M.Musayev qeyd edib.

O bildirib ki, əmək məhsuldarlığı yalnız iqtisadi amillərlə deyil, işçinin psixoloji və fiziki rifahı ilə sıx bağlıdır:

“Məhz buna görə də, biz Konfederasiya olaraq iş yerlərində İş Sağlamlığı və Təhlükəsizliyi İdarəetmə Sistemi (İSO) kimi beynəlxalq standartların tətbiqini təşviq edirik. Hal-hazırda ölkədə bu standartlara uyğun fəaliyyət göstərən müəssisələrin sayı əvvəlki illərlə müqayisədə 2,5 dəfə artıb”.

"Cebheinfo.az"