Gəncədə bıçaqlanaraq xəsarət alanların vəziyyəti açıqlanıb

Aprelin 27-də Gəncədə bıçaqlanma hadisəsi zamanı xəsarət alanların vəziyyəti açıqlanıb.
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) Oxu.Az-a bildirilib ki, xəstəxanaya yerləşdirilən hər üç şəxsə tibbi yardım göstərildikdən sonra evə buraxılıb:
"Aprelin 27-də saat 17:30-da Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan akademik Z.Məmmədov adına xəstəxananın Təcili tibbi yardım şöbəsinə 3 nəfər (kişi cinsli) hospitalizasiya olunub.
2002-ci il təvəllüdlü şəxsə döş qəfəsinin və bud nahiyəsinin kəsilmiş yarası, 1996-cı il təvəllüdlü şəxsə başın və sol dirsəyin kəsilmiş yarası, 1998-ci il təvəllüdlü şəxsə isə budun açıq yarası diaqnozları təyin edilib.
Pasiyentlərə zəruri tibbi yardımlar göstərilib, vəziyyətləri stabil olan şəxslər ambulator müalicə üçün evə buraxılıblar".
Xatırladaq ki, ötən gün Gəncə şəhərində məskunlaşan Kəlbəcər rayonunun Yellicə kənd sakini, 2002-ci il təvəllüdlü Zamin Məmmədov döş qəfəsindən bıçaqlanıb. İnsident zamanı 1996-cı təvəllüdlü Babək Hahcağazadə və Ələddin Əlizadə də bıçaq xəsarətləri alıblar.
Hadisə ilə bağlı Gəncə Şəhər Baş Polis İdarəsində araşdırma başlanıb.
"Cebheinfo.az"