Bu kanala xəbərdarlıq edildi

Bu kanala xəbərdarlıq edildi

Hindistan hökuməti Britaniyanın "BBC" yayım korporasiyasına rəsmi etiraz məktubu göndərib. 

"Cebheinfo.az" xəbər verir ki, bu barədə "The Times of India" nəşri məlumat yayıb.

Etirazın səbəbi "BBC"-nin Kəşmirdə 26 nəfərin ölümünə səbəb olan hücumla bağlı terrorçuları "döyüşçü" (neutral "militants") termini ilə adlandırması olub.

Bildirilib ki, Hindistan "BBC"-nin gələcək reportajlarını da diqqətlə izləyəcək. Eyni zamanda, Hindistan "YouTube" platformasında yayımlanan 16 Pakistan kanalını bloklayıb.

Bloklanan kanallar arasında "Dawn News", "Samaa TV", "Ary News" və "Geo News" kimi geniş auditoriyaya malik kanallar var. Qeyd edək ki, bu kanalların izləyici sayı 63 milyon nəfəri ötüb. Bloklama Hindistan Daxili İşlər Nazirliyinin tövsiyəsi ilə həyata keçirilib. 

Nazirlik bu kanalların Hindistana, onun ordusuna və təhlükəsizlik qüvvələrinə qarşı "təxribat xarakterli, yalan və çaşdırıcı məlumatlar" yaydığını müəyyən edib.

Xatırladaq ki, 22 aprel tarixində silahlı terrorçular Hindistanın Cammu və Kəşmir bölgəsində yerləşən məşhur turizm şəhəri Pahalqama hücum ediblər.

Hücum nəticəsində 25 Hindistan vətəndaşı və 1 Nepal vətəndaşı həlak olub, bir çox insan yaralanıb. Hücum edənlər hadisə yerindən qaçmağa müvəffəq olublar. Hindistan kəşfiyyat xidmətləri hücumun "Laşkar-e-Tayyiba" qruplaşması tərəfindən həyata keçirildiyini və hadisəyə Pakistan Kəşfiyyat İdarəsinin (ISI) də qarışdığını müəyyən ediblər.

Hadisədən sonra Hindistan hökuməti İslamabaddakı səfirliyinin heyətini təxminən iki dəfə azaldıb, Pakistan səfirliyinin hərbi müşavirlərini "arzuolunmaz şəxs" elan edib və iki ölkə arasındakı əsas sərhəd-keçid məntəqəsi olan "Attari" postunu bağlayıb.

Bundan əlavə, Hindistan Pakistanla su ehtiyatlarının bölüşdürülməsi barədə razılaşmanın və Pakistan vətəndaşlarına viza verilməsinin dayandırıldığını da elan edib.

Səbinə Uğur
"Cebheinfo.az"