İkiqat maaş, əlavə ödəniş, mənzil: Müəllimlərə xüsusi güzəştlər...

Son illər orta ümumtəhsil məktəblərində kişi müəllimlərin sayının azlığı aktual problemlərdəndir.
Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə təhsil sahəsində kişi müəllimlərin azalmasına və gender balansının pozulmasına öz münasibətini bildirərkən qeyd edib ki, bu məsələ ilə bağlı peşəyönümlü ciddi işlər aparılmalıdır ki, oğlanlar müəllimlik peşəsini seçsinlər:
“Maarifləndirmə işləri artmalıdır. Gender balansı pozulub. Müəllimlərin əksəriyyəti qadınlardır. Ancaq məktəb direktorlarının əksəriyyəti kişilərdir”.
Təhsil üzrə ekspert Adil Vəliyev isə bildirib ki, kişi müəllimlərin bir çoxu repetitorluq fəaliyyəti ilə məşğuldur:
“Repetitorluqla məşğul olan müəllimlərin bir çoxu kişi müəllimlərdir. İlk növbədə məktəblərə kişi müəllimləri necə cəlb etmək, onların əməkhaqqısı, yaşam xərcləri kimi problemləri necə aradan qaldırmaqla bağlı məsələlərə diqqət etməliyik ki, həmin müəllimlər yenidən təhsil müəssisələrinə qayıtsınlar. Əks halda onlar sözsüz ki, ailələrini dolandırmaq üçün fərdi şəkildə repetitorluqla məşğul olacaqlar və haqlıdırlar”.
Bu gün kişi müəllimlərin məktəbə cəlb edilməsi ilə bağlı bir sıra təkliflər irəli sürülsə də hələ ki, problem həllini tapmır. Doğrudanmı bu gün kişi müəllimlər yalnız fərdi repetitorluğa üstünlük verdikləri üçün məktəbdə çalışmağa meyl göstərmirlər?
Məsələ ilə bağlı Sosial Tədqiqatlar Mərkəzinin əməkdaşı, təhsil üzrə tədqiqatçı Elmil Nuri kişi müəllimlərin məktəbə deyil, repetitorluq fəaliyyətinə üstünlük verməsi fikirləri ilə razılaşmır və bu fikir kökündən yanlış hesab edir. O, fikirlərini “Cümhuriyət”-lə bölüşüb:
“Birincisi, repetitorluqla məşğul olanların əsasən kişi müəllimlər olması hansı statistikaya, hansı mənbəyə əsaslanırlar. Ortada sadəcə bir fikir var, ancaq gərək bu fikir də reallığa bir qədər uyğun olsun. Ölkədə fəaliyyət göstərən 150 mindən çox müəllimin yalnız altıda biri kişi müəllimidir. Yəni məktəbdə altı nəfərdən biri kişi müəllimidir. Bakıda isə on nəfərdən biri kişi müəllimidir.
Kəmiyyət faktoruna görə kişi müəllimlərin qadın müəllimləri repetitorluqda qabaqlamaq şansı ümumiyyətlə, yoxdur. Ancaq mən repetitorluq fəaliyyətini və onun məktəbə vurduğu zərbəni qadın və kişi müəllimlərin timsalında ölçmürəm. Sadəcə, yanaşmanı doğru hesab etmirəm. Azərbaycanda fəaliyyət göstərən kişi müəllimlərin hamısı repetitorluqla məşğul olsa belə, yenə də repetitorluqla məşğul olan xanımların sayını üstələyə bilməzlər.
Bu gün kişi müəllimlərin çatışmazlığı var və məsələ nazirlikdən başlamış digər rəsmi qurumlar, KİV-də də ciddi müzakirə olunur. Bu gün rayonlarda bu vəziyyət nisbətən stabildir. Çünki altı nəfərdən biri kişi müəllimdir. Ancaq əvvəllər hər məktəbdə müəllimlərin əksəriyyətini kişi müəllimlər təşkil edərdi. Hətta elə məktəblər var idi ki, orada cəmi bir neçə qadın müəllim var idi. Ancaq indi istənilən məktəbə getdikdə, regionda olsa belə, orada ondan çox kişi müəllimi tapmaq olarmı? Paytaxtdan ümumiyyətlə, danışmıram”.
DİM sədri Məleykə Abbaszadənin bu sahədə “Peşəyönümlü ciddi işlər aparılmalıdır ki, oğlanlar müəllim peşəsini seçsinlər” fikrinə gəldikdə isə ekspertin sözlərinə görə, son illərdə kişilərin müəllimlik peşəsini seçməsi ilə bağlı say nisbətində xeyli irəliləyiş var:
“Sertifikasiyadan sonra diferensial əmək haqqının tətbiqi, MİQ müsabiqəsində müəyyən şəraitin yaradılması oğlanları pedaqoji istiqamətə daha çox cəlb edib. Son ildə pedaqoji ixtisaslara qəbul olanlarla bağlı monitorinq aparılsa, orada oğlanların ötən ildəkinə nisbətən çoxluğunu görə bilərik. Azərbaycan dili və ədəbiyyat, ingilis dili, coğrafiya, kimya-fizika ixtisaslarında nisbət artıb. Ancaq bu da yetərli deyil.
Kişi müəllimləri məktəbə gətirmək lazımdır. Rəsmi qurumlar bu sahədə əllərindən gələni etməyə çalışırlar. Hələ ki, əməlli bir iş yoxdur. Mən bir neçə təklif irəli sürərdim ki, bunları nəzərə almaqla kişi müəllimləri məktəbə daha çox cəlb etmək olar.
Məsələn, Yaponiya kişi müəllimləri məktəbə cəlb etmək üçün xeyli stimullaşdırıcı addımlar atır. Buna görə də Yaponiya kişi müəllimlərin sayına görə 1-ci yerdədir. Bu addımlar ikiqat maaş artımı, ikiqat məzuniyyət ödənişi, mənzillə təminat və s. təşkil edir. Azərbaycanda müəyyən səviyyədə stimullaşdırıcı addımlar atılmaqla güzəştlər etmək olar. Məsələn, MİQ imtahanında kişi müəllimlərə müəyyən qədər güzəştə getmək olar.
Adətən MİQ zamanı vakant seçim mərhələsində eyni balı toplayanlarla bağlı problemlər yaşanır. Əgər kişi və qadın müəllim eyni balı toplayıbsa, eyni yerə müraciət edibsə, o zaman kişi müəllimə üstünlük vermək olar. Bu fikirlə bağlı qadın müəllimlər məndən inciyə bilərlər. Ancaq nə edək, kişi müəllimləri məktəbə mütləq qaytarmalıyıq”.
Ekspert bildirib ki, kişi müəllimlərin getdikcə azalması müəyyən problemlərə gətirib çıxarır:
“Bundan başqa, H1 və H2 qiymətləndirməsi kişi müəllimlərə görə 40 yaşa qaldırıla bilər. Bu kimi addımlar atmaqla kişi müəllimlərin sayını artıra bilərik”.
Ekspert deyir ki, bu gün fərdi repetitorluğu yalnız kişi müəllimlərin üzərinə atılmamalıdır:
“Hazırda fərdi repetitorluqla məşğul olanların bir qismi ibtidai sinif müəllimləridir. Halbuki ibtidai sinif müəllimlərinin 99 faizi qadındır. Bu gün müəllimlər məktəbə deyil, əksəriyyəti repetitorluğa daha çox üz tutur. Bunun da müəyyən tərəfləri var. Yalnız maddi tərəf əsas deyil, xərçəng xəstəliyi kimi təhsilimizə düşüb və yayılmağa başlayıb. Artıq repetitorluq bir vərdiş, psixoloji çatışmazlıq olub. Ən əsası da qəbul proqramındakı suallarla məktəbdəki tədris proqramındakı uyğunsuzluğun xilaskar obrazı kimi ortaya çıxıb. Niyə ikitərəfli proqram olmalıdır?
DİM-in hazırladığı qəbul proqramı sanki xarici ölkələrdə oxuyan şagird üçün nəzərdə tutulub. Orta məktəb şagirdi bu proqramla yetişdirməyə hazır deyil. Ona görə də repetitorlar ortaya çıxıb, sayı ildən-ilə artıb, həmin proqramın mexanizmini mənimsəyərək kommersiya maraqlarına xidmət edir. Qadın müəllimlər repetitorluq fəaliyyətinə hansı səbəbdən üz tutubsa, kişi müəllimlər də o baxımdan üz tutublar. Repetitorsuz qəbul mümkünsüz hala çevrilib, bacaran şəxs əlavə gəlir kimi bundan istifadə edir. Bu gün müəllimlik maaş baxımdan güclü sahə sayılmır.
Baxmayaraq ki, ölkədə hər dərs müəllimdən biri 1000 manatdan yuxarı maaş alır. Mən də müəllim olsam, məktəbi ikinci plana salmadan repetitorluqla məşğul olaram”.
Nigar Abdullayeva
"Cebhe.info"