ABŞ Niderlanda 175 ədəd “Tomahawk” raketi satacaq

ABŞ Niderlanda 175 ədəd “Tomahawk” raketi satacaq

ABŞ Müdafiə Təhlükəsizliyi Əməkdaşlıq Agentliyi (DSCA) donanmasının imkanlarını artırmaq üçün Niderlanda ümumilikdə 2,19 milyard dollar dəyərində 175 “Tomahawk” qanadlı raketinin satışına dair sazişi təsdiq üçün Konqresə təqdim edib.

“Report” xəbər verir ki, ABŞ Dövlət Departamenti bu təklifi bir gün əvvəl təsdiqləyib.

Qeyd olunub ki, qanadlı raketlərin Niderland Hərbi Dəniz Qüvvələrinin gəmilərində, xüsusən də “De Zeven Provincien” sinifli freqatlarda və hazırda hazırlanma mərhələsində olan qabaqcıl gəmilərdə quraşdırılacağı gözlənilir.

Nəşrin iddiasına görə, belə silahlar Niderland donanmasını NATO üzvü olan ölkələr arasında quru hədəflərə dərin zərbələr endirməyə qadir olan azsaylı donanmalardan birinə çevirəcək.

Qeyd edək ki, həm suüstü gəmilərdən, həm də sualtı qayıqlardan buraxıla bilən “Tomaqavk” qanadlı raketi 1600 km uçuş məsafəsinə malikdir. O, 450 kiloqramlıq adi döyüş başlığı daşıyır və yaxşı müdafiə olunan hədəfləri yüksək dəqiqliklə vurmağa qadirdir.

"Cebheinfo.az"