Bütün nazirliklərdə “adamı” olan Əsgərovun şok işi

Bakıda 25 nəfərə qarşı ayrı-ayrı vaxtlarda dələduzluq etməkdə təqsirləndirilən 64 yaşlı Mirdaməd Əsgərovun cinayət işi üzrə məhkəmə araşdırması başa çatıb.
"Cebheinfo.az" Yenisabah.az-a istinadən xəbər verir ki, uzun illər hüquq-mühafizə orqanlarında çalışmış M. Əsgərov tanışları vasitəsilə tanış olduğu şəxslərdən işə düzəltmək adı ilə pul alıb.
İttihama görə, Mirdaməd Əsgərov Daxili İşlər Nazirliyində, Müdafiə Nazirliyində, Elm və Təhsil Nazirliyində, Ədliyyə Nazirliyində, Fövqəladə Hallar Nazirliyində yüksək vəzifə tutan tanışları olduğunu, həmin şəxslər vasitəsi ilə ayrı-ayrı şəxsləri işə düzəldəcəyi vədilə 2000-15 000 manat civarında pul alıb. Ümumilikdə 100 min manatdan çox pul ələ keçirib.
M.Əsgərov həmçinin özünü Vəkillər Kollegiyasının üzvü kimi təqdim edib, məhkəmələrdə vətəndaşların “işini yüngülləşdirmək” adı ilə pul alıb. Həmçinin adı çəkilən nazirliklərə, Hava Limanına işə düzəlmək adı ilə də xeyli miqdarda pul alıb.
Maraqlıdır ki, zərərçəkmişlər pulu işə düzəlmək adı ilə verdiklərini desələr də, Mirdaməd Əsgərov bununla qəti razılaşmayıb. O, həmin şəxslərdən pulu faizə, borca və ya obyektinin təmirinə görə aldığını deyib.
Məhkəmə istintaqı zamanı məlum olub ki, zərərçəkmişlərin bir neçəsi 2016-cı ildən Mirdaməd Əsgərova pul veribmiş. Bəzi epizodların 7 il əvvəl baş verdiyi üçün cəza təyin etmə müddəti keçdiyinə görə M.Əsgərov həmin epizodlarla cəza almayıb.
Zərərçəkmişlərdən 13 nəfərin zərəri tam ödənilib. 3 nəfərə isə pulunun bir hissəsi qaytarılıb.
Mirdaməd Əsgərov törədiyi dələduzluq əməlinə görə 2 il müddətinə azadlıqdan məhrum edilib./Musavat.com
"Cebheinfo.az"