Fermer öz ərazisində 150 ton qızıl tapdı - FOTOLAR

Fransanın Overn-Ron-Alp bölgəsində 52 yaşlı fermer Mişel Dyupont özünə məxsus tarlada işləyərkən parlaq sarı daşlar tapıb və onların saf qızıl olduğunu öyrənib.
“Cebheinfo.az” xəbər verir ki, Dyupont, tapdığı daşları səlahiyyətli orqanlara təqdim edib. Geoloqlar tərəfindən ərazidə aparılan araşdırmalar nəticəsində tarlanın altında, 150 tondan çox saf qızılın olduğu təsbit edilib.
Təxminən 4 milyard avro dəyərində olduğu bildirilən bu qızıl yatağı, ölkədə son illərin ən böyük qızıl kəşfi kimi qiymətləndirilib. Fransada qızıl yataqlarının işlənməsi hökumətin səlahiyyətində olduğu üçün rəsmi qurumlar Mişel Dyupontun tarlasında tapılan qızılı çıxarmasına icazə verməyib.
Qısa müddətdə varlanmaq arzusu quran Dyupont bu qərarla məyus olub. Tarladakı qızılın oğurlanmaması üçün əraziyə hərbi nəzarət tətbiq edilib və əsgərlər 24 saatlıq növbə sistemi ilə sahəni qorumağa başlayıb. İqtisadçılar qızılın çıxarılmasının yüzlərlə insana iş imkanı yaradacağını bildirib.
Ekoloqlar isə bu prosesin təbiətə ciddi zərər verə biləcəyini vurğulayıblar. Tarlanın gələcək taleyi isə rəsmi qurumların aparacağı ətraflı araşdırmadan sonra müəyyən olunacaq.
Əfsanə Rəcəb
“Cebheinfo.az”