Aİ "Şimal axını"na qarşı sanksiyalar hazırlayır

Almaniyanın Kansleri Fridrix Merts Avropa İttifaqının “Şimal axını” layihələrinə qarşı tətbiq edə biləcəyi yeni sanksiyaları dəstəkləyir.
"Cebheinfo.az" “Financial Times”-a istinadən xəbər verir ki, Merts bu yolla Almaniyada layihənin gələcəyi ilə bağlı gedən mübahisələrə son qoymağın mümkün olacağını düşünür.
Qeyd edək ki, Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen ötən həftə Rusiyaya qarşı yeni sanksiyaların hazırlandığını açıqlayarkən “Şimal axını”ndan da bəhs edib.
O, bu açıqlamanı verməzdən əvvəl Mertslə məsləhətləşib və Kansler onun ideyasını dəstəkləyib. Almaniya hökumətindən bildiriblər ki, “kansler doğrudan da “Şimal axını-2”-yə qarşı sanksiyaların lehinədir”.
Nəşr yazır ki, Merts Almaniyada bu layihənin yenidən işə salınması ilə bağlı istənilən müzakirələri öncədən dayandırmaq istəyir.
Onların fikrincə, əgər Aİ bu layihəyə qarşı rəsmi sanksiyalar tətbiq etsə, bu, Mertsin əlini rahatladar və siyasi mübahisələr də avtomatik aradan qalxar.
Bildirilir ki, yeni sanksiyalar boru kəmərinin operator şirkətinə, eləcə də gələcəkdə bu layihəni idarə edə və ya bərpa işlərini həyata keçirə biləcək digər şirkətlərə qarşı yönələcək.
Avropa Komissiyası bu məsələni artıq bu həftə Aİ ölkələrinin hökumətləri ilə müzakirəyə çıxarmağa hazırlaşır.
Səbinə Uğur
"Cebheinfo.az"