Gürcüstanda kazino əməkdaşları aclığa başlayıblar

Gürcüstanın “Evolution Georgia” onlayn kazinosunun üç əməkdaşı aclıq aksiyasına başlayıb.
Onlar tətilin 33-cü günündə etirazın bu formasına əl atıb. Onların sözlərinə görə, tətilçilərin tələbləri yerinə yetirilməyənə qədər bunu dayandırmayacaqlar.
“Cebheinfo.az” “Jam News”-a istinadən yazır ki, “Evolution Georgia” əməkdaşlarının tətili iyulun 12-də başlayıb. Orada 5000 nəfər iştirak edir, bu, bütün işçilərin yarıdan çoxudur. Lakin kazino rəhbərliyi yalnız 800 nəfərin tətildə olduğunu iddia edir. Tətilçilərin əsas tələbləri maaşların artırılması və layiqli iş şəraitinin yaradılmasıdır.
“Trud” kənd təsərrüfatı, ticarət və sənaye işçilərinin həmkarlar ittifaqı kazino işçilərinin tətil və aclıq aksiyasının müddətsiz olduğunu iddia edir. Avqustun 12-də onlar bəyanat yayıblar ki, Evolution Georgia şirkəti tətilçilərə qarşı aqressiv və təxribat xarakterli davranan naməlum şəxsləri cəlb etməyə başlayıb.
“Evolution Georgia” əməkdaşları şirkət rəhbərliyinə 44 müraciət göndəriblər. Danışıqlar prosesi hələ tətil elan edilməmiş iyunun 4-də başlayıb və heç bir nəticə vermədən iyunun 24-də başa çatıb.
Avqustun 5-də “Evolution Georgia” şirkəti bəyanat yayaraq, vəziyyətin dəyişmədiyi təqdirdə Gürcüstanda fəaliyyətini dayandıracağını qeyd edib.
Xəzər
“Cebhe.info.az”