Pulumuzu nəyə yatıraq: Evə, dollara, yoxsa qızıla?
Qazanc əldə etməyin leqal yolu düzgün yatırım etməkdən keçir.
Yatırımın etibarlılığı ilə yanaşı, likvidliyi (aktivlərin bazarda əhəmiyyətli qiymət fərqi olmadan və dəyər itkisi yaratmadan tez reallaşdırıla bilinməsi) də önəmlidir. Məsələ burasındadır ki, iqtisadi vəziyyətin dəyişkənliyə meyilli olması likvidlik amilinin əhəmiyyətini artırır.
Məhz daha yaxşı variantların ortaya çıxması və ya mövcud sərmayələr üçün təhlükə yaranması riski sərmayədarları yatırımlarını hər an pula çevirməyə hazır olmağa sövq edir. Ona görə də razılaşmaq lazımdır ki, yatırım etmək çox incə məsələdir.
Maraqlıdır, sıravi vətəndaş qazanc əldə etmək üçün nəyə yatırım edə bilər?
Məsələ ilə bağlı "Cebheinfo.az"-a danışan iqtisadçı Akif Nəsirli bildirib ki, hazırkı dövrdə qızılın bahalaşması dünyanı ciddi iqtisadi böhranın təhdid etməsinin göstəricisidir:
"Qlobal geosiyasi hadisələr göstərir ki, dünya bu böhranın qarşısını almağa qadir deyil. Qlobal böhranın sürəti qarşıdakı son 2 ay ərzində Donald Trampın ABŞ-də prezident kimi fəaliyyətə başlamasından sonra hər hansı dəyişikliklərin olmasından asılıdır. Yaxın Şərqdə müharibə getdikcə daha da alovlanır, hazırda dünyada elan edilməmiş Üçüncü Dünya müharibəsi gedir".
O bildirib ki, vəsaitləri saxlamaq üçün ən etibarlısı qızıldır:
"Külçə qızıllar yatırım üçün daha faydalıdır. Bank və valyutaya yatırım etmək faydalı deyil. Qızıldan və əmlakdan daha faydalı yatırım qiymətli kağızlar bazarına yatırım etməkdir. Lakin Azərbaycanda qiymətli kağızlar bazarı məhduddur. Buna görə də əlində pul olan Azərbaycan vətəndaşları bu imkandan istifadə edə bilmir. Əmlaka yatırım etmək də böhranın olduğu bir dövrdə özündə risk daşıyır. Lakin qısamüddətli Bakıda əmlaka yatırım etmək səmərəli görünür".
Əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev qeyd edib ki, dünyanın inkişaf etmiş ölkələrində, xüsusilə iş adamları yatırımlarını fabriklərə, zavodlara səhmdar olaraq yatırırlar ki, həmin müəssisələrin qiyməti artdıqca onlara da külli miqdarda gəlir gəlsin:
"Lakin Azərbaycan reallığında uzun illərdir ki, yatırımın əsas hissəsi daşınmaz əmlaka yönəlib. Demək olar ki, daşınmaz əmlakda qiymətlər hər ay artır. Ümumilə, qızıl və zinət əşyalarının qiymətində artım olsa da, aldığı qızılı satmaq istəyən şəxsin qızılına istifadə edilmiş dəyəri ilə qiymət müəyyən edirlər. Təxminən 10-15 illik statistikaya nəzər salsaq, böyük şəhərlərimizdə əmlak bazarında 15-20 dəfəyə qədər qiymət artım baş verib.
Bundan əlavə, vətəndaşlar hər hansı bir daşınmaz əmlaka yatırım edərkən onu icarəyə verərək də gəlir əldə edirlər. Valyutalarda da qiymətlər sabit olaraq qalıb, buna görə də valyutaya yatırım etmək risklidir. Xüsusilə Azərbaycanda, kapitallaşma olan yerlərdə daşınmaz əmlaka yatırım etmək həmin şəxslərin pullarının risklərini azaldır".
İqtisadçı-ekspert Natiq Cəfərli isə bildirib ki, insanlar üçlü səbət şəklində öz yatırımlarını saxlasalar, daha yaxşı olar:
"Yəni tək bir şeyə yatırım etmək olmaz. Buna görə də, investistiya səbəti təşkil olunmalıdır ki, insanlar investisiyaları çoxşaxəli şəkildə dəyərləndirə bilsinlər. Məsələn, yatırımın bir qismini qızıl bazarına, bir qismini bank və valyutaya, digər bir qismini isə əmlak bazarına yönəltmək və bu prinsiplə yatırım etmək daha faydalıdır".
Ləman İsmayıl
"Cebheinfo.az"