Azərbaycan milyardlar qazandıracaq sektordan niyə kənarda qalıb?

Azərbaycan milyardlar qazandıracaq sektordan niyə kənarda qalıb?

Dünyada ən gəlirli sahələrdən biri kino sektoru hesab edilir ki, bir çox ölkələr bu sektordan yüksək gəlir əldə edirlər.

Həmin ölkələrdən biri qonşu Türkiyədir ki, ötən il 180-ə yaxın ölkəyə serial ixrac edib və 550 milyondan çox izləyicisi var. Bu sektordan illik gəliri 1 nilyard dollardan artıqdır. Bu gün Türkiyə Amerika, İngiltərdən sonra ən böyük 3-cü serial ixracatçısıdır.

Bu seriallar yalnız Yaxın Şərq deyil, Avropa, Latın Amerikasında da məşhurdur. 2020-2023-cü illər arasında türk seriallarına qlobal tələbat Koreya seriallarına olan müqayisədə 184 faiz artıb.

Ötən il yeni türk seriallarının üç ən böyük idxalçısı İspaniya, Səudiyyə Ərəbistanı və Misir olub. Qeyd edək ki, bu gün dünya film bazarında Azərbaycanın adını görmək mümkün deyil.

Bu gün yalnız ölkə daxilində cəmi bir neçə seriallar çəkilir ki, onların heç də hamısı tamaşaçılar tərəfindən rəğbətlə qarşılanmır. Təbii ki, ölkədə rəğbət qazanmayan film və seriallara xaricdə də tələbat olmayacaq və ixracdan məhrum olacaq.

Bu gün Azərbaycan yüksək iqtisadi gəlir gətirən bir sektordan niyə kənarda qalıb?

İqtisadçı-ekspert Akif Nəsirli “Cebhe.info”-ya bildirib ki, Azərbaycanda mədəniyyət sahəsi, o cümlədən də kino sektoru bazar iqtisadiyyatı qaydalarına uyğun şəkildə qurulmayıb:

“Baxmayaraq ki, bazar iqtisadiyyatına keçid dövrünü başa vurmuşuq. Bizim kino, teatr sektoru bazar iqtisadiyyatına inteqrasiya etməyib. Əsas problemin kökü buradadır.

Məsələn, ölkə daxlində stimullaşdırma olaraq kinonun inkişafında dəstək olaraq qrantlar verilir. Həmin qrantlar elə şəkildə verilir ki, ondan sui-istifadə edirlər, filmlərin çəkilişində təcrübəsiz, bəzi hallarda sıravi vətənaşlardan istifadə edirlər. Bu da işin keyfiyyətini aşağı salır.

Film çəkilsə də, onun izləyicisi olmur. Sovet dövründəki kino sənəti ilə bazar iqtisadiyyatına inteqrasiya olunmuş kino sənəti arasında böyük fərqlər olmalıdır. Ancaq biz müstəqillik əldə etdikdən sonra 10-15 il mədəniyyətin iqtisadi hissəsinin inteqrasiyası ilə məşğul olmadıq və kino sənəti ortada “qırıldı”. 

Bu sahədə inkişafa doğru heç nə olmadı. Sonra da istədilər  bunu yenidən qursunlar, ancaq köhnə nəsil yoxdur, yeni nəsil də yetişməyib.  Ona görə də yeni çəkilən filmlərin əksəriyyətinin keyfiyyəti çox  aşağı səviyyədədir.

Həmin filmlər cəmiyyəti cəlb etmir, maraq doğurmur. Yeni, keyifiyyətli filmlər çəkməklə yanaşı ixrac etməliyik. Bundan digər ölkələr kimi gəlir əldə etməliyik. Bunu dövlət səviyyəsində etmək mümkün deyil. Əslində hazırda bu sahədə lider ölkələrdən olan Türkiyədə bunu hökumət reallaşdırmır. Bunu özəl kino şirkətləri ixrac edir, ondan mənfəət götürür, dövlətə vergi verir.

Biz də mədəniyyət sahələrinin özəlləşdirilməsi istiqamətində addımlar atmalıyıq. Hesab edirəm ki, ölkədə nə qədər kinostudiyalar var, hamısı özəlləşdirilməlidir. Bunlar kommersiya sisteminə keçməlidir. Dövlət də lazım olan sifarişləri verməlidir. Ancaq kino şirkətləri özlərini inkişaf etdirməlidirlər.

Yəni, onlar müstəqil şirkət kimi fəaliyyət göstərməli, film çəkib pul qazanmalı, dövlətin  ixtiyarına baxmamalıdır. Orada professionallar toplaşmalıdır, onu stimullaşdırmaq lazımdır”.

Ekspert deyir ki, bizdə kino, teatr, incəsənət sovet dövründəki kimi idarə olunur, ona görə uğur qazana bilmirik:

“Digər tərəfdən artıq Azərbaycan cəmiyyəti mədəniyyətdən uzaq düşüb. Əhalinin gəlirləri o qədər aşağı səviyyədədir ki, Azərbaycanda insanlar “yem axtaran məxluqa” çevrilib. Vətəndaş o qədər az qazanır ki, az qalır 5 yerdə işləsin.

Belə ölkələrdə nə kinoya, nə teatra, nə konsertə gedib  baxırlar, nə də kitab oxuyurlar. Sovet dövründə deyirdilər ki, Nikaraquada  insanlar hərf tanımır, indi həmin vəziyyəti Azərbaycan vətəndaşları yaşayır.

Gəlirləri normallaşdırmaq lazımdır ki, vətəndaş 8 saat işlədikdən sonra axşamlar kinoya getməyə, kitab oxumağa imkanı olsun. İdxal və istehsal edilən seriallara da ancaq evdar qadınlar baxa bilirlər. Kino sektorunda həm idxaldan, həm ixracdan gəlir əldə etmək olar. Bunun üçün professional kino mütəxəssisləri olmalıdır.  

İxrac edilən ölkələrdə insanlar anormal deyil ki, küçədən tapıb gətirdiyn vətəndaşın çəkildiyi filmə baxsın. O professionalların da yetişməsi üçün şərait olmalıdır. İndi 1 milyon pulu alıb gedib küçədə adam tapır ki, “sizin xarici görünüşünüz bizim obraza uyğundur, seriala çəkil, 150 manat verəcəyik”. 

Hökumət özü də bilir ki, onlar professional deyil, onların filminə heç kim baxmır. Bizdə bütün sahələrin iqtisadi tərəfi bir-birinə oxşayır. İnanmıram ki, yaxın vaxtda belə bir tendensiya ola bilər.

Ola bilsin ki, kiminsə filmi hansısa festivalda birinci yerə çıxa bilər. Azərbaycanda da professional rejissor, aktyorlar var. Filmi çəkənlər gedib xarici sponsor tapırlar, film çəkir, festivalda qalib gəlir, sponsor da o filmi satıb pulunu götürür.  

Azərbaycanın mədəniyyət, kino xadimləri “yetim” kimi xaricdə sponsor axtarır, daxildə onlara sponsorluq edən də yoxdur. 

Filmi, serialı çəkib ölkənin daxilində rəğbət qazanmaq lazımdır ki, sonra da ixrac edəsən. Yaxşı serial, film olsa, xaricdən müraciət edəcəklər ki, “verin dublyaj edək”. 

Ortaya sənət əsəri, istedad ortaya qoyulsa, ixrac etmək istəməsək də gəlib alacaqlar. Dövlət büdcəsinin hesabına çəkilən keyfiyyətsiz serialı Braziliya gəlib bizdən almayacaq”.

Nigar Abdullayeva
“Cebhe.info”