“Binokl diplomatiyası”: Fransa nəyə nail olmaq istəyir?

Fransa növbəti dəfə anti-Azərbaycan mövqeyini nümayiş etdirib.
Bu dəfə isə adıçəkilən ölkənin xarici işlər naziri Jan-Noel Barrot Avropa İttifaqının Ermənistandakı missiyasının genişləndiriləcəyinə ümid etdiyini deyib:
“Ümid edirəm ki, Ermənistanda yerləşdirilən Avropa missiyası genişləndiriləcək. Bununla da Ermənistan-Azərbaycan sərhədində bu gərginliyi müşahidə edə və nəzərətdə saxlaya bilərik”.
Bununla da rəsmi Paris özünə aid olmayan məsələlərə müdaxilə cəhdlərinə davam edir. Üstəlik, nazir Azərbaycan-Ermənistan sərhədində hansısa gərginlik olduğunu iddia etməklə həm beynəlxalq ictimaiyyəti aldadır, həm də təxribat törədir. Görünən odur ki, Fransanın bu mövqeyi regionda gərginlik yaratmağa hesablanıb.
Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) sədri, Milli Məclisin deputatı Arzuxan Əlizadə “Cebheinfo.az”-a açıqlamasında bildirib ki, Fransanın xarici işlər naziri bu sözləri ilə ölkəsinin niyyətini də ifadə edib:
“O, Azərbaycan-Ermənistan sərhədində gərginliyi müşahidə etməyi planlaşdırdıqlarını deməklə əslində, bu gərginliyin formalaşmasında maraqlı olduqlarını bir daha gündəmə gətirir. Fransa Azərbaycanla Ermənistan arasındakı məsələlərin olduqca gərgin olduğu fikrini beynəlxalq ictimaiyyətin beyninə təlqin etmək istəyir.
Hətta özlərinin də Avropa İttifaqı missiyasında iştirakı ilə sərhəddə baş verə biləcək hansısa hərbi qarşıdurmanın qarşısını alacağını iddia edir. Lakin regionda gərginliyin olmasında Fransa başda olmaqla, bir sıra ölkələr maraqlıdır. Bu gərginlik fonunda isə hansısa qismdə Ermənistan üzərindən bölgəyə nəzarət etmək hədəfləri var.
Bu məqsədlə də bölgəyə özlərinin “mülki müşahidə missiyası” adı altında kəşfiyyatçı qruplarını göndəriblər. Sərhəddə “binokl diplomatiyası” həyata keçirməklə və beynəlxalq ictimaiyyətə mesajlar verməklə guya Azərbaycanın Ermənistana hücumunun qarşısını aldıqlarını deyirlər”.
Millət vəkili qeyd edib ki, Fransa regionda olmasa iki ölkə arasında eskalasiya və ya müharibə ola biləcəyini bəyan edir:
“Əlbəttə ki, bu tam olaraq yalan və blefdir. Bu, Fransanın hədəflədiyi niyyətə çatmaq üçün özünü sərgilədiyi mövqedir. Bu tip açıqlamalarla beynəlxalq ictimaiyyəti aldatmaq istəyirlər. Əgər Fransa başda olmaqla Avropa qüvvələri regionda olmasa, habelə Ermənistanı silahlandırmasalar bölgədə qısa müddət ərzində sülhə və sabitliyə nail olmaq olar. Üstəlik, tərəflər arasında sülh sazişinin imzalanması tezləşər. Bundan başqa, Ermənistan müstəqil siyasət yürüdərsə, Azərbaycan və Türkiyə ilə münasibətlərini normallaşdıra bilər.
Bu da bütövlükdə Ermənistanın özünə ilk növbədə iqtisadi olmaqla çox böyük dvidentlər gətirər. Beləliklə, bölgədə də dayanıqlı sülhə nail olmaq mümkündür. Əslində, Fransa bu işlərə qarışmasa, daha tez münasibətlər normallaşa bilər. Fransa faktiki olaraq beynəlxalq ictimaiyyəti çaşdırmaqla özünün uzaqgörən məqsədlərinə çatmaq istəyir. Rəsmi Paris hər yolla öz məkrli siyasətini bu və ya digər formada regionda yürütməyə çalışır”.
Elmir Mustafa
“Cebheinfo.az”