Milli Məclisin sədri Hulusi Akar ilə görüşüb

Bu gün Milli Məclisin sədri Sahibə Qafarova ölkəmizdə səfərdə olan Türkiyə Böyük Millət Məclisinin (TBMM) Milli Müdafiə Komitəsinin sədri Hulusi Akar ilə görüşüb.
Bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən xəbər verilib.
Görüşdə bildirilib ki, dövlət başçılarımızın davamlı təmasları strateji müttəfiqliyimizin hər gün yeni amillərlə zənginləşdiyini göstərir. 2021-ci ilin iyununda imzalanmış Şuşa Bəyannaməsi ardıcıl şəkildə həyata keçirilir.
Qeyd olunub ki, qardaş ölkələrimiz arasında yüksək səviyyəli münasibətlərin ruhuna uyğun olaraq, parlamentlərimiz arasında da əlaqələr uğurla inkişaf edir. Qanunverici orqanların rəhbərləri səviyyəsində qarşılıqlı səfərlər, beynəlxalq təşkilatlar çərçivəsində keçirilən görüşləri, deputatların davamlı təmasları və qarşılıqlı dəstəyi bunu bir daha sübut edir.
Hulusi Akar Şuşa və Xankəndiyə səfəri haqqında təəssüratlarını bölüşərək, həmin ərazilərdə böyük inkişaf və quruculuq işlərinin şahidi olduqlarını bildirib.
O, Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımızın işğaldan azad olunmasının regionda yeni reallıqlar yaratdığını söyləyərək, Ermənistanın sülh sazişini imzalamaq üçün lazımi iradə göstərməsini və Azərbaycanın və Türkiyənin uzatdığı sülh əlini tutmasını arzuladığını bildirib.
Hulusi Akar Azərbaycan Prezidenti İlham Əliyevin Şimali Kipr Türk Cümhuriyyəti ilə bağlı mövqeyini çox yüksək qiymətləndirdiklərini vurğulayaraq, bu məsələdə də Azərbaycanın dövlət başçısının qəti iradəsinin şahidi olduqlarını deyib.
Spiker Sahibə bildirib ki, Azərbaycanın öz torpaqlarını işğaldan azad etməsi bütün Türk dünyasının qələbəsidir və qardaş ölkələrimizin birliyinin daha da gücləndirilməsində mühüm amildir.
TBMM-in komitə sədri müdafiə, təhlükəsizlik, müdafiə sənayesinin inkişafında Azərbaycan və Türkiyənin böyük yol qət etdiklərini və ölkələrimizin bu istiqamətdə atdığı addımların heç bir üçüncü ölkəyə qarşı yönəlmədiyini bildirib.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər haqqında da fikir mübadiləsi aparılıb.
"Cebheinfo.az"