Rəsulzadənin dilindən “Yaşa - yaşa çox yaşa, ey şanlı Azərbaycan!"- VİDEO

“Sən bizimsən, bizimsən durduqca bədəndə Can,
Yaşa - yaşa çox yaşa, ey şanlı Azərbaycan!"
Bu sətirləri Azərbaycan Xalq Cümhuriyyətinin banilərindən biri, Azərbaycan Milli Şurasının sədri Məhəmməd Əmin Rəsulzadənin 28 may 1953-cü il "Amerikanın Səsi" radiosundan Azərbaycan xalqına müraciətində səsləndirib. Məhəmməd Əmin Rəsulzadə 1884-cü il yanvarın 31-də Bakının Novxanı kəndində anadan olub.
İlk təhsilini "Rus-Müsəlman Məktəbi"ndə, orta təhsilini Bakı Texniki Məktəbində alan Rəsulzadə 1902-1907-ci illərdə Azərbaycanda rus müstəmləkəsinə qarşı gizli mübarizə aparan ilk təşkilat yaradır və ədəbi-siyasi fəaliyyətə başlayır. 1908-ci ildə çar təqibləri üzündən Rəsulzadə vətəni tərk edən M.Ə.Rəsulzadə İrana getməyə məcbur olur. Təbrizdə Səttarxan və onun silahdaşları ilə görüşür, İranda şah rejiminə qarşı inqilabın əsas rəhbərlərindən biri olur. 1911-ci ildə İrandakı təqiblərə görə Rəsulzadə Türkiyəyə mühacirət edir və "Türk Yurdu " adlı jurnalın fəal yazarlarından olur.
1913-cü ildə vətənə qayıdan Rəsulzadə Azərbaycanın bütün qəzalarında, o cümlədən Rusiya, Ukrayna, Gürcüstan, Ermənistan, Cənubi Azərbaycan, İran və Türkiyədə Müsavat Partiyasının şöbələrini açır. Rəsulzadə Rusiya parlamentinə Azərbaycan və Türküstandan millət vəkili və eyni zamanda Azərbaycan Milli Şurasının sədri seçilir. 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyəti elan edilir. Rəsulzadə və şura üzvləri İstiqlal Bəyannaməsini ayaq üstə dinləyirlər. Bütün ölkələrin radiostansiya və qəzetləri Azərbaycanın müstəqilliyi xəbərini dünyaya yayır.
1920-ci il aprelin 28-də isə Rusiyanın Azərbaycana hücumundan sonra Rəsulzadə Lahıcda həbs olunur. 1922-ci ildə Rəsulzadə Peterburqa, oradan isə dostlarının yardımıyla Finlandiyaya gedir. 1947-ci ildə Rəsulzadə Türkiyəyə (Ankaraya) köçür və ömrünün sonuna qədər orada yaşayır. Ankara Universitetinin tibb fakültəsi klinikasında şəkər xəstəliyindən müalicə olunan Məhəmməd Əmin Rəsulzadə 1955-ci il martın 6-da saat 23:10-da 3 dəfə "Azərbaycan, Azərbaycan, Azərbaycan" deyərək gözlərini əbədi yumur.
Bu gün Azərbaycan Müstəqillik Gününü qələbə ilə, işğaldan azad olunmuş torpaqlarda, suverenliyini bərpa etmiş xalq kimi təntənə ilə qeyd edir.
“Cebheinfo.az” Məhəmməd Əmin Rəsulzadənin Azərbaycan xalqına müraciətinin səs yazısını təqdim edir.
“Cebheinfo.az”