Xankəndidə konfrans keçirilir – FOTOLAR

Xankəndidə konfrans keçirilir – FOTOLAR

Bu gün Baş Prokurorluq, həmçinin Elm və Təhsil Nazirliyinin birgə təşkilatçılığı, Qarabağ Universitetinin tərəfdaşlığı ilə Xankəndi şəhərində yerləşən Qarabağ Universitetində “Heydər Əliyev və suveren Azərbaycan” mövzusunda konfrans keçirilib.

Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin İctimaiyyətlə əlaqələr şöbəsindən "Cebheinfo.az"-a verilən məlumta görə, tədbirdə Baş prokuror Kamran Əliyev, elm və təhsil naziri Emin Əmrullayev, Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Prezidentin xüsusi nümayəndəsi Elçin Yusifov və digər rəsmi şəxslər çıxış ediblər.

Onlar çıxışlarında Ümummilli Lider Heydər Əliyev və onun davamçısı Ali Baş Komandan İlham Əliyevin Azərbaycan dövlətçiliyi qarşısındakı böyük xidmətlərindən danışıblar.

Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Prezidentin xüsusi nümayəndəsi Elçin Yusubov çıxışında qeyd edib ki, dünya və bəşər tarixində Azərbaycan adlı coğrafi məkanın milli müstəqil dövlət institutu halına gətirilməsi, milli müstəqilliyimizin uzun illərdən sonra yenidən bərpası dahi şəxsiyyət, Ulu Öndər Heydər Əliyevə nəsib olub:

“Azərbaycanın milli dövlət müstəqilliyinin yenidən bərpa olunması missiyası Ümummilli Lider Heydər Əliyev üzərinə düşüb. Hələ 1991-ci il 18 oktyabr tarixində Ulu Öndər Heydər Əliyevin də imza atdığı “Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktı” dövlətimizi rəsmi olaraq 1918-ci il mayın 28-dən 1920-ci il aprelin 28-dək mövcud olmuş Azərbaycan Demokratik Respublikasının varisi və müstəqil respublika elan etmişdir.

Azərbaycanda müstəqil dövlət təsisatlarının qurulması, beynəlxalq normalara söykənən demokratik, hüquqi dövlətin yaranması, milli, mənəvi və əxlaqi dəyərlərimizin qorunub saxlanması, ilk milli Konstitusiyamızın qəbul edilməsi, vətəndaş cəmiyyətinin formalaşdırılması və yeni iqtisadi kursun müəyyənləşdirilməsi prosesinin müvəffəqiyyətli həlli məhz Heydər Əliyevin xidmətləridir.

Ulu Öndər Heydər Əliyev müstəqil Azərbaycan dövlətini yaratmışdır. Məhz bu tədbirdə Ümummilli Lider Heydər Əliyevin sözlərini xatırlatmağı özümə borc bilirəm. Ulu Öndər demişdir:

“Biz azadıq, müstəqilik, sərbəstik. Biz heç kəsdən asılı deyilik, özümüz öz taleyimizin sahibiyik. Bilirsiniz, bunun üçün, yalnız bunun üçün aylarla, illərlə əziyyət çəkmək olar. Məhz bunun üçün illərlə ac qalmaq olar. Çünki əsrlər boyu ulu babalarımız, Azərbaycanın mütəfəkkir insanları milli azadlıq, müstəqillik arzusu ilə yaşamışlar, milli azadlıq, müstəqillik üçün mübarizə aparmışlar, vuruşmuşlar, amma buna nail ola bilməmişlər. Biz buna nail olmuşuq. Bilin ki, indi bunu əlimizdə saxlamaq, qorumaq hər bir insan üçün canından da artıqdır. Mən sizə deyirəm, bunu bilin, Azərbaycanın müstəqilliyini qorumaq, saxlamaq, onu əbədi etmək mənim üçün öz həyatımdan, canımdan artıqdır”.

Bu məqamda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin bir çıxışını da xatırlatmaq yerinə düşər. Prezidenti İlham Əliyev belə demişdi:

“Ümummilli Lider Heydər Əliyev suveren Azərbaycanı Qarabağsız və onun tacı olan Şuşasız təsəvvür etmirdi. Ulu Öndər həmin ərazilərin iqtisadi-mədəni inkişafı və həyat səviyyəsinin davamlı yaxşılaşması naminə xüsusi səy göstərmişdir. Ulu Öndərin böyük coşqu ilə sevdiyi Qarabağda və Şərqi Zəngəzurda həyat yenidən canlanır. Şəhərlər, kəndlər, qəsəbələr abadlaşdıqca, bu torpaqların əzəli sahibləri sülh şəraitində əbədi yaşamaq üçün doğma yurdlarına qayıdırlar””.

Azərbaycan dövlətinin suverenliyinin təmini Prezident İlham Əliyevin liderlik qabiliyyətinin təzahürüdür.

Bunu isə çıxışında Baş prokuror Kamran Əliyev deyib.

K.Əliyev vurğulayıb ki, Ulu Öndər Heydər Əliyevin təməlini qoyduğu müstəqil Azərbaycanın inkişaf etdirilməsi, iqtisadi və hərbi gücünün artırılması, beynəlxalq aləmdə aparıcı mövqeyə malik, regional və bir sıra qlobal məsələlərin həllində nüfuzlu tərəfdaş və söz sahibi olan dövlət kimi tanınması, ən əsası Azərbaycan dövlətinin suverenliyinin təmin olunması Prezident İlham Əliyevin liderlik qabiliyyətinin təzahürüdür:

"Ali Baş Komandanın rəhbərliyi altında 2020-ci ildə Azərbaycan Ordusunun Ermənistan silahlı qüvvələrinə qarşı əks-hücum həmləsi ilə başladılmış 44 günlük Vətən müharibəsində əldə edilmiş tarixi qələbə 30 ilə yaxın işğal altında olan torpaqlarımızın azad edilməsi və dövlətimizin ərazi bütövlüyünün tam bərpa olunması ilə nəticələnib. 44 günlük Vətən müharibəsi milli qürurumuzun bərpası ilə yanaşı, həm də dünyaya ədalətin gec ya da tez bərqərar olduğuna dair bir mesaj kimi qəbul edilməlidir".

“Cebheinfo.az”