Alimlər Leonardo da Vinçinin nəslini tapıblar - FOTOLAR

Beş əsrdən artıqdır ki, Leonardo Da Vinçi barəsində qeyri-adi istedadı və yenilikçi təcrübələri ilə tanınan uzaqgörən rəssam, alim və ixtiraçı kimi danışılır.
“Cebhenfo.az” “Phys.org”-a istinadən yazır ki, bu gün “Leonardo DNT Layihəsi” kimi tanınan beynəlxalq əməkdaşlıq qrpu intibah dövrünün ən böyük dahilərindən birinin bioloji sirlərini açmağa həmişəkindən daha yaxındır. Leonardo da Vinçi İrsi Assosiasiyasının ekspertləri Alessandro Vezzosi və Agnese Sabatonun redaktorluğu ilə nəşr olunan "Leonardonun DNT-sinin genealogiya və genetikası” kitabında elm adamları 30 illik şəcərə araşdırmalarının nəticələrini təqdim edib.
Kitabda 1331-ci ilə aid, 21 nəsli və 400-dən çox insanı əhatə edən müfəssəl ailə ağacı təqdim olunur. Bu iş indiyə qədər aparılan ən qabaqcıl tarixi genetik tədqiqatlardan birinin əsasını qoyur, Leonardonun genetik profilinin yenidən qurulub.
İndi kitabda dərc olunan mənbələrin və arxiv sənədlərinin diqqətlə təhlili nəticəsində Vezzosi və Sabato Leonardonun mənsub olduğu ailənin qollarını uğurla yenidən qurublar, o cümlədən həm Leonardonun atası, həm də ögey qardaşı Domeniko Benedetto ilə şəcərə ilə əlaqəli 15 birbaşa kişi nəsli müəyyən edilib.
Xatırladaq ki, Leonardo Da Vinçi 1452-ci il aprelin 15-də İtaliyanın Vinçi şəhərində anadan olan görkəmli İntibah rəssamıdır. Onun ən məşhur əsərləri bunlardır:
“Mona Liza”
Leanardo Da Vinçinin ən məşhur sənət nümunəsi olan “Mona Liza” portreti İntibah dövrünün şah əsəridir. Rəsm əsərinin 1503-1506-cı illər arasında çəkildiyi təxmin olunur. Lakin Da Vinçi detallara önəm verən mükəmməliyyətçi biri olduğundan illərlə portretə düzəlişlər etmişdir. Nəticədə rəsmin 1519-cu ildə tamamlanaraq hazırki görünüşünə qovuşduğu təxmin olunur. Qadının müəmmalı təbəssümü və sfumato texnikasının dəqiq istifadəsi əsrlər boyu sənətsevərləri valeh etmişdir. “Mona Liza” Parisdəki Luvr Muzeyində saxlanılan incəsənət və mədəniyyətin bir simvolu olaraq qalır.
“Sonuncu Şam Yeməyi”
Leonardo Da Vinçinin Milanda yerləşən “Sonuncu Şam yeməyi” adlı divar rəsmi bu Bibliya hadisəsinin simvolik təsviridir. Freska ilə işləməyin çətinliklərinə baxmayaraq, Leonardonun emosiyaları və ifadələri tutmaq bacarığı misilsizdir. “Sonuncu Şam yeməyi” dini sənətin simvoluna çevrilib və Qərb incəsənətinin ən böyük əsərlərindən biri hesab olunur.
“Vitruvius insanı”
“Vitruvius insanı” əsərində Leonardo Da Vinçi insan anatomiyası ilə sənət və elmin kəsişməsinə olan böyük marağını əks etdirərək ideal bədənin mütənasibliyi konsepsiyasını araşdırdı. Bu məşhur rəsm təkcə sənət əsəri deyil, həm də onun çoxşaxəli dühasının təcəssümüdür.
Xəzər
“Cebheinfo.az”