Paşinyan "Qarabağ klanı"-kilsə cütlüyünə hücuma keçdi

Paşinyan "Qarabağ klanı"-kilsə cütlüyünə hücuma keçdi

Ermənistanın Baş naziri Nikol Paşinyan "Qarabağ klanı"nı “Dağlıq Qarabağ”ın  erməni əhalisindən öz məqsədləri üçün istifadə etməkdə ittiham edib.

“Cebhe.info”-nun məlumatına görə, Paşinyan “Qarabağ elitası”na, yəni keçmiş separatçı rejimin rəhbərliyinə xəbərdarlıq edib.

“Mən hökumətin iradəsini vurğulamaq istəyirəm. Biz “Dağlıq Qarabağ”ın klerikal-feodal elitasının “Dağlıq Qarabağ xalqı”ndan öz klan məqsədləri üçün istifadəyə cəhd etməsinə imkan verməyəcəyik. Biz çox səbirliyik, dözümlüyük, sevgimizi gizlətmirik. Ancaq təkrar edirəm, bunu heç kim səhv başa düşməsin və hakimiyyətin zəifliyi kimi qəbul etməsin”,- deyə Paşinyan bildirib.

O, bu bəyanatı alanların onu qəbul edəcəyinə ümid edib.

Qeyd edək ki, iyunun 13-də Paşinyan parlamentdə bildirib ki, “Dağlıq Qarabağ”ın klerikal-feodal elitası iki saat ərzində təslim olub,  milyardlarla dollar dəyərində hərbi texnika və sursat olan arsenalları Azərbaycana təhvil verib. 

Nikol Paşinyanın iki gün çıxışlarında "Qarabağ klanı"nı ardıcıl surətdə ittiham etməsi onun hədəfində eks-prezidentlər Robert Köçəryana və Serj Sarkisyana bağlı qüvvələrin olduğunu göstərir. Baş nazir “klerikal-feodal” ifadəsini işlətməklə həmin qüvvələrin Ermənistandakı etiraz aksiyalarının təşkilatçısı olan Eçmiədzin kilsəsi ilə əlbir olduğuna eyham vurur. Nikol Paşinyanın parlamentdə çıxışında aksiya iştirakçılarının polislərə hücumuna görə bütün ermənilərin katalikosu II Qaregini və sabiq prezident Robert Köçəryanı ittiham etməsi də bu səbəblə bağlıdır. 

Qeyd edək ki, Ermənistan konstitusiyasının 44-cü maddəsinin 5-ci bəndinə görə, dövlətin təhlükəsizliyinə qarşı təhdid yarandıqda, sərbəst toplaşmaq azadlığı məhdudlaşdırıla bilər. Yəni Ermənistan hökumətinin başçısı "Qarabağ klanı"nın və kilsənin dövlətin təhlükəsizliyinə problem yaratdığına işarə edir. 

Son vaxtlar separatçı rejimin nümayəndələrinin, yəni işğal dövründə Xankəndi, Əsgəran, Ağdərə şəhərlərinin qondarma  meri postlarını tutmuş şəxslərin arxiyepiskop Baqrat Qalstanyanla görüşdən sonra həbs edilməsi, keçmiş qondarma rejimə rəhbərlik etmiş Samvel Şahramanyanın avtomobilini müsadirə etmək cəhdləri Paşinyan hakimiyyəti ilə kilsə-"Qarabağ klanı" cütlüyü qarşıdurmasının tərkib hissəsidir. 

Çünki hazırda  Ermənistanda baş verənlər 2023-cü ilin oktyabr ayında Qarabağda məskunlaşan ermənilərin anti-Paşinyan qüvvələr tərəfindən kütləvi şəkildə Ermənistana köçünün təşkil edilməsinin məntiqi nəticəsidir. Rusiyanın Qarabağdan gəlmiş ermənilər hesabına "Qarabağ klanı"nın "əlini gücləndirmək" və hakimiyyəti devirmək planı gec də olsa işə salınıb. Lakin Qarabağdan gələn ermənilərin təxminən yarısı daha çox Ermənistanı tərk etməyə və siyasi proseslərdən uzaqlaşmağa üstünlük verdi. Ona görə də aksiyalar istənilən nəticəni vermir. Paşinyan etirazların arxasında II Qaregin-Köçəryan ittifaqının dayandığını bilir və onun xəbərdarlığı bu formatı dağıtmaq üçün hücuma hazırlaşdığını göstərir. 

Müşfiq Abdulla 
“Cebhe.info”