Qadın və uşaqlar sığınacağa necə yerləşdirilir?

Qadın və uşaqlar sığınacağa necə yerləşdirilir?

Cəmiyyətimizdə zorakılıqla,üzləşən, sığınacaqlara ehtiyacı olan xeyli sayda qadın və uşaq var. 

Onlar müxtəlif səbəblərdən yaşayış yerlərini tərk etmək məcburiyyətində qalır və ölkədə fəaliyyət göstərən sığınacaqlara yerləşdirilirlər.

Zorakılığın qurbanlarına dəstək göstərilməsi üçün ölkədə bir neçə qadın və uşaq sığınacağı fəaliyyət göstərir. 

 "Cebheinfo.az" qadınların və uşaqların bu kimi hallarda yerləşdirildikləri sığınacaqlar barədə məlumatları təqdim edir. 

"Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin (İB) məişət zorakılığı qurbanları üçün sığınacağı uzun illərdir fəaliyyət göstərir. Orada qadınlara və uşaqlara psixoloji və tibbi yardım göstərilir, onlara geyim və qida verilir, işlə təmin olunmaları üçün aidiyyəti qurumlara müraciət edilir. Məsələ ilə bağlı "Təmiz Dünya"  Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova "Cebheinfo.az"-a açıqlamasında bildirib ki, sığınacağa zorakılığa məruz qalmış qadınlar və 12 yaşa qədər oğlan uşaqları yerləşdirilir:

"Əksər hallarda sığınacağa yerləşdirilən şəxslər polis tərəfindən gətirilir. Onların müraciətləri sənədlərinin qaydasında olmaması, hansısa təhlükəyə məruz qalmaları və s. digər meyarlar əsasında qiymətləndirilir.

Lakin sığınacağa şəxsin özü tərəfindən müraciət daxil olduqda, biz vəziyyəti qiymətləndiririk, real təhlükə olduğu halda şəxsi sığınacağa qəbul edirik. Yer olduqda adətən problem olmur. Yer olmadıqda imtina edilir, lakin şəxsi müəyyən qurumlara, digər sığınacaqlara istiqamətləndiririk".

 "Azərbaycan Uşaqları" İctimai Birliyinin nəzdində fəaliyyət göstərən Uşaq Sığınacağı-Reinteqrasiya Mərkəzində isə məişət zorakılığının qurbanı və ya potensial qurban olan baxımsız uşaqların effektiv reabilitasiyası və sosial reinteqrasiyası aparılır.  

Mərkəzdə çətin şəraitdə yaşama səbəbindən zorakılığın bütün növlərinə məruz qalan, kimsəsiz, baxımsız uşaqlara sosial, tibbi, psixoloji, hüquqi yardımın göstərilməsi, peşə bacarıqlarının artırılması, onların sığınacaqla, təhsillə, paltarla qida ilə və asudə vaxtının təşkili ilə bağlı zəruri xidmət paketi ilə təmin edilmələri həyata keçirilir.

İctimai birliyin sədri Kəmalə Ağazadə "Cebheinfo.az"-a açıqlamasında bildirib ki, sığınacağa zorakılığa məruz qalmış, həssas qrupa aid uşaqlar yerləşdirilir:

"Sığınacağa nadir hallarda valideynlər tərəfindən uşaqlar yerləşdirilir. Əksər hallarda uşaqlar sığınacağa icra hakimiyyətlərinin, Sosial Xidmətlər Agentliyi və Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən yerləşdirilir. Uşaqlar sığınacağa adıçəkilən qurumlar tərəfindən müvafiq təlimat və fərdi iş planı, eyni zamanda, anket forması əsasında qəbul edilir".

Ləman İsmayıl
"Cebheinfo.az"