Avropada yaşayış və iş icazəsi: Qaydalar dəyişir

Avropada yaşayış və iş icazəsi: Qaydalar dəyişir

Avropa İttifaqına (Aİ) üzv dövlətlər artan işçi çatışmazlığına həll yolu tapıblar.

Belə ki, yaşayış və iş icazələrinin yenidən tənzimlənməsi barədə razılıq əldə edilib.

Cebhe.info xəbər verir ki, Avropa İttifaqı Şurası, Aİ əmək bazarına qanuni immiqrasiya ilə bağlı qanunların yenilənmiş variantını razılaşdırıb. Yeniləmə Aİ-nin “lazım olan istedadları Aİ-yə cəlb etmək” məqsədi daşıyan paketi çərçivəsindədir.

Beləliklə, Aİ həm müntəzəm miqrasiyanı artırmaq, həm də ehtiyac duyduğu sahələrdə və peşələrdə çalışacaq insanları əmək bazarına əlavə etmək istəyir.

Şuranın yaydığı açıqlamaya görə, "tək icazə" adlanan və həm yaşayış, həm də iş icazələrini əhatə edən tənzimləmənin yenilənmiş variantı müraciət prosedurunu asanlaşdıracaq.

Bunun Aİ-dən kənardan işə götürüləcək “istedadların” sayını artıracağını gözləyirlər.

Yeni tənzimləmə ilə Aİ üzvü olmayan ölkələrin vətəndaşları İttifaqda işə götürüldükləri zaman daha çox hüquqa malik olacaq və işləmək hüququ baxımından Aİ vətəndaşları ilə bərabər rəftar ediləcək. Beləliklə, Aİ daxilində işəgötürənlər tərəfindən əməkdən sui-istifadə hallarının aradan qaldırılması hədəflənir.

Mövzu ilə bağlı açıqlama verən Aİ dövr müddətinə sədrlik edən İsveçin immiqrasiya naziri Maria Malmer Stenergard deyib:

"İşçi qıtlığının şirkətlərimizi yavaşlatdığı, böyüməyə və yenilənməyə mane olduğu bir dövrdə bu şirkətlər əcnəbi mütəxəssisləri daha asan işə götürə bilməlidirlər. Proqnozlaşdırıla bilən və asan müraciət prosesi bu gün çox vacibdir. Razılaşdığımız vahid icazə bunu təmin edir”.

“Vahid icazə” adlanan qanun Aİ-yə daxil olmayan vətəndaşların Aİ-də yaşaması və işləməsini tənzimləyir. Aİ-yə üzv ölkələr Aİ-dən kənardan neçə nəfərə bu icazəni verəcəklərini müəyyənləşdirirlər.

Yeni reqlamentə görə, Aİ üzvü olmayan vətəndaş Aİ-dən kənarda və ya daxilində olarkən bu icazə üçün müraciət edə biləcək. İcazənin verilib-verilməməsi ilə bağlı qərar ərizədən sonra 4 ay ərzində verilməlidir. “Vahid icazə” sahibi olan şəxs bildiriş verməklə və ya müvafiq orqanlara müraciət etməklə işəgötürənini dəyişə biləcək. İcazə sahibi işsiz olarsa, o, icazənin qüvvədə olduğu tarixdə işsiz qaldığı iki aylıq müddət ərzində Aİ ölkəsində qalmağa davam edə biləcək.

Aİ-nin mövcud vahid icazə tənzimləməsi 2011-ci ildə verilib. Aİ Komissiyası bunu 2022-ci ilin aprelində yeniləməyi təklif etmişdi. Aİ-nin statistikasına görə, 2019-cu ildə üzv dövlətlər 3 milyona yaxın “vahid icazə” verib. Bunlardan 1,2 milyonu ilk dəfə verilən icazələr, digərləri isə yenilənmə və ya icazə dəyişiklikləri olub. Reqlamentin yekun variantı Avropa Şurası ilə Avropa Parlamenti arasında aparılan danışıqlardan sonra veriləcək.

Nigar
Cebhe.info