Elşad bacısı uşağının ad gününə gedirmiş: Həmin işdə hökm oxundu

Quba şəhərində dəhşətli qəza törətmiş sürücüyə hökm oxunub.
"Cebheinfo.az" xəbər verir ki, “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, “Mercedes” markalı avtomobillə əks zolağa çıxaraq qəza törədən 28 yaşlı Kənan Cabbarova 5 il 6 ay həbs cəzası verilib.
Hadisə ötən ilin sentyabrında gecə saat 22 radələrində Quba şəhəri Heydər Əliyev prospektində baş verib. Araşdırma zamanı müəyyən edilib ki, Kənan qəzadan əvvəl narkotik vasitə olan metamfetamin qəbul edərək sərxoş vəziyyətə düşüb.
O, avtomobili yüksək sürətlə idarə edərək əks hərəkət istiqamətinə çıxıb və öz yolu ilə hərəkət edən 1982-ci il təvəllüdlü Elşad Qayıbovun sürdüyü maşınla toqquşub. Nəticədə Elşad aldığı xəsarətlərdən ölüb.
Hadisə baş verən gün Elşadın bacısı övladının ad günü imiş və o, məclisə gedərkən qəza ilə üzləşib.
Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 28 yaşlı sürücünün həbs müddətindən sonra 4 il avtomobil idarə etməsi də qadağan edilib.
Qeyd edək ki, hadisədən sonra dəhşətli qəzanın görüntüləri yayılmışdı.
"Cebheinfo.az"