Ciddi təhlükə doğuracaq PLAN

Ciddi təhlükə doğuracaq PLAN

Rusiya xarici işlər naziri Sergey Lavrov bildirib ki, Krım və Rusiyaya birləşdirilmiş dörd yeni regionun beynəlxalq səviyyədə tanınması Ukrayna ilə sülh prosesinin vacib şərtidir. 

Lavrov bu barədə Braziliyanın "O Globo" qəzetinə verdiyi müsahibədə danışıb. O qeyd edib ki, Rusiya NATO, Avropa İttifaqı və onların bəzi üzv dövlətlərinin düşmən fəaliyyətlərindən doğan təhlükələrə qarşı öz sərhədlərində etibarlı təhlükəsizlik zəmanətləri əldə etməyə çalışacaq. 

Lavrovun sözlərinə görə, Rusiya Ukrayna ilə danışıqlar açıq qalır, lakin hazırkı mərhələdə "top Kiyevin tərəfindədir" və Ukrayna rəhbərliyi hələ də razılığa meyilli olmadığını göstərir. Rusiyalı nazir əlavə edib ki, Moskva ilə Vaşinqton arasında Ukraynadakı vəziyyətin nizamlanmasına dair dialoq davam edir və tərəflər qarşılıqlı məqbul nəticələr əldə etməyə ümid edirlər. 

Krım və dörd yeni regionun beynəlxalq səviyyədə tanınması Rusiya üçün niyə bu qədər önəmlidir?

Mövzu ilə bağlı “Cebheinfo.az”-a açıqlamasında politoloq Oqtay Qasımov bildirib ki, Sergey Lavrovun səsləndirdiyi bu fikirlər yeni deyil. Politoloq qeyd edib ki, savaşın başlanmasından bəri Rusiyanın Ukraynaya qarşı tələblərində ciddi bir dəyişiklik müşahidə olunmur: 

“Faktiki olaraq, Rusiyanın bu tələbləri Ukraynanın bir dövlət kimi mövcudluğunu sual altına alır. Xüsusilə Krımın işğalı və ardınca hələ işğal olunmamış bəzi Ukrayna ərazilərinin də Rusiyaya verilməsini nəzərdə tutan plan ciddi təhlükə doğuracaq. Ukraynanın bu tələbləri qəbul edəcəyi ehtimalı isə çox da yüksək deyil. 

Belə ki, işğal olunmuş ərazilərlə yanaşı, bir sıra bölgələr hələ də Ukraynanın nəzarəti altındadır. Rusiya faktiki olaraq, 2022-ci ilin sentyabrında Ukrayna ərazilərində keçirdiyi saxta referendumların nəticələrinin qanuniləşdirilməsini istəyir ki, bu da beynəlxalq hüququn tamamilə ayaqlar altına atılması deməkdir. Belə bir şəraitdə Ukraynada hansısa siyasi liderin bu tələblərə müsbət yanaşacağını düşünmək qeyri-mümkündür”. 

Oqtay Qasımovun sözlərinə görə, bu məsələdə Amerikanın da rolu danılmazdır: 

“Əlbəttə ki, bu məsələlərdə Rusiyanın öz tələblərində təkidli olmasında və ya geri çəkilməsində Amerika ciddi rol oynaya bilər. Rusiya öz tələblərində israrlı mövqe sərgiləyirsə, bu, müəyyən mənada ABŞ-nin mövqeyi ilə də bağlı ola bilər. Amma hazırda ABŞ tərəfindən Rusiyaya qarşı hansısa təzyiqlər hiss etmirik. Yəni, bu, görünmür". 

Əfsanə Rəcəb 
“Cebheinfo.az”