Akif Nağı: “Ermənistan Azərbaycanın mövqeyi ilə hesablaşır”

Akif Nağı: “Ermənistan Azərbaycanın mövqeyi ilə hesablaşır”

Ermənistan parlamentinin spikeri Alen Simonyan ölkəsindəki avropalı müşahidəçilər barədə danışıb.

O, sözügedən müşahidəçilərin Ermənistanı nə zaman tərk edəcəyi ilə bağlı açıqlama verib:

“Biz Avropa İttifaqının mülki müşahidəçi missiyasına və bu missiyanı bura göndərən ölkələrə minnətdarıq. Ümid edirik ki, müşahidəçilər ən azı sülh müqaviləsi imzalanana qədər burada olacaqlar. Bəlkə də, sülh müqaviləsi imzalanandan sonra onlara ehtiyac qalmayacaq”.

Azad Vətən Partiyasının (AzVP) sədri Akif Nağı “Cebheinfo.az”-a açıqlamasında bildirib ki, Ermənistan tədricən Azərbaycanın mövqeyi ilə hesablaşmaq lazım olduğunu başa düşür:

“Azərbaycan Türkiyə ilə birlikdə regionun lider dövlətidir. Burada gedən proseslərlə bağlı da ölkəmizin yol xəritəsi ortadadır. Həmin yol xəritəsində Ermənistanla bağlı da uyğun variant ortadadır. Lakin rəsmi İrəvan gah Rusiyaya, gah da Qərbə qaçır. Ermənistan başa düşməlidir ki, onların taleyi Azərbaycan və Türkiyədən asılıdır. Artıq yavaş-yavaş bunu başa düşdükləri də görünür. Hesab edirəm ki, Alen Simonyanın son açıqlamalarında da buna işarə olunur. Yəni sülh müqaviləsi imzalanandan sonra Azərbaycanın şərtlərini qəbul edəcəklərini etiraf edirlər. Ona görə də Avropa İttifaqının missiyasının Ermənistanda qalmasına ehtiyac yoxdur. Ümumiyyətlə, Avropa İttifaqının bölgəyə gəlməkdə məqsədi Ermənistanı qorumaq deyil. Onların əsl məqsədi regionda möhkəmlənməyi və öz qüvvələrini yaratmaq məqsədi güdürlər”.

O bildirib ki, Ermənistanın taleyi onları narahat etmir: “İrəvan hakimiyyəti də artıq bunu başa düşür. Fikrimcə, Simonyanın açıqlamasını həm də bu aspektdən dəyərləndirmək olar”.

Elmir Mustafa
 “Cebheinfo.az”