Universitetlərdə geyim qaydaları: Vahid forma, yoxsa sərbəst geyim?

Universitetlərdə geyim qaydaları: Vahid forma, yoxsa sərbəst geyim?

"Tələbənin tələbə, müəllimin müəllim geyimi olmalıdır. Əks halda, müəyyən problemlər yarana bilər".

Bunu "Cebhe.info"-ya açıqlamasında təhsil eksperti Kamran Əsədov deyib.

O bildirib ki, “Təhsil haqqında” Qanuna görə orta məktəblərdə ümumi şagird geyimi var:

"Ali məktəblərdə isə geyim normaları və konkret standartları yoxdur. Orta məktəblərdə olduğu kimi, ali məktəblərdə ümumi geyim tələb edilməsi mümkün deyil. Yanlız bu xüsusi təyinatlı, hərbi təhsil də ola bilər. Buna baxmayaraq, tələbələr də çalışmalıdır ki, ətrafdakı insanlara, mühitə, tələbələrə pis təsir edən formada universitetə gəlməsin.

Məsələn, çox çılpaq formada geyinib, dərsdə oturmasınlar. Əks halda uzun, qısa, şortiklə, saqqallı, saçı uzun, ya da qısa universitetə gəlməsi hər kəsin şəxsi işidir. 

Çünki dərsə normadan kənar geyinib gələn tələbənin fikri dərsdən yayındığı üçün digərlərinin də fikirlərinin yayılmasına zəmin yaratmış olur. Belə halda, universitet artıq elm ocağından daha çox bayağı bir yerə dönür. Əlbəttə, bu məsələdə ciddi olmaq lazımdır. Universitet tələbələri səliqəli geyinməli, normal geyim mədəniyyətini qorumalıdırlar.

Tələbə təhsil aldığı üçün universitetə təhsil haqqı ödəyir. Heç bir halda onunla imzalanmış müqavilədə göstərilməyib ki, tələbə hansısa formada universitetə qəbul olunmalıdır. Dikdaban ayaqqabı ilə təhsil prosesində iştirak etməmək absurd məsələdir. Bu təhsil alanların təhsil hüququnun tapdalanması kimi qiymətləndirilə bilər".

Ekspert qeyd edib ki, hər bir şəxs – tələbə, müəllim – geyimində məsuliyyət hiss etməlidir:

"Əks halda, müəyyən problemlər yarana bilər. Bu baxımdan birdən-birə qadağalar qoymaq  düzgün deyil. Əvvəla, tələbələrin bir çoxu evdən aldığı pulu toplayıb bir paltar alır.

Bu adam dərsə gəldiyi zaman qadağalarla qarşılaşanda başqa paltar almağa pulu çatmır.  Əgər geyimlərlə bağlı tələblər olacaqsa, ən azından yarım il öncədən universitetdə işlər aparılmalıdır.

İnsanlar həm mənəvi-psixoloji, həm də maddi cəhətdən hazır olmalıdırlar. Yəni kəskin olaraq qərar qəbul etməyi doğru hesab etmirəm. Lakin  tədris müəssisəsi üçün bir mühit vacibdir. Çünki hər bir insanın davranışını formalaşdıran üç əsas amil var: mühit, aldığı informasiyalar və üstünlük verdiyi dəyərlər.

Əgər gənclər tələbədirsə, onların həyatında  təhsil aparıcı rol oynamalıdır. Qalan məsələlər tədris prosesindən kənardır. Ona görə də insanları tədrisə, təhsilə yönləndirə bilən mühit önəmlidir. Bir-biriləri ilə geyimlər üzərindən yarışmaq, dəblə ayaqlaşmaq və.s  kimi amillər tələbələrin psixologiyasında mənfi rol oynayır və təhsil prosesinə birbaşa neqativ təsir edir.

Bu baxımdan prinsip etibarilə, ali məktəblərdə təhsil mühitinin yaranmasını vacib hesab edirəm. Amma kəskin şəkildə qərarların qəbul edilməsinin əleyhinəyəm".

Kamran Əsədov “Müəllim və tələbələrin etik davranış”qaydaları hazırlanmalıdır deyə vurğulayıb:

"Orada müəllimlərin, tələbələrin geyimi, saqqal saxlanması, telefonla bağlı məsələlər əks olunmalıdır. Müəllim və tələbələr üçün xüsusi geyim olmasa da, bəzi tənzimləmələr olmalıdır.

Universitetlər özlərinin daxili qaydalarına istinad edərək tələbələrin hüquqlarını pozurlar. Onların bu cür hərəkətləri təhsil haqqında qanuna ziddir. 

Ali təhsil müəssisələrinin daxili qaydalarına əsaslanaraq tələbələrin saç-saqqal saxlamasına müdaxiləsi mümkün deyil. Hər bir tələbənin geyimi və saç-saqqalı onun özünün seçimidir. 

Universitetlərin bu məsələdəki müdaxiləsi yolverilməzdir. Hər bir universitetin nizamnaməsinin 1.7-ci bəndinə əsasən, universitetdə təhsil alanların geyim formasının Elmi Şuranın qərarı ilə müəyyən etmək hüququ vardır. 

Amma bu o deməkdir ki, geyim forması müəyyən olunarkən təhsil alanların hüquqları və təhsil almaq hüquqları tapdanmamalıdır. Eyni zamanda ali təhsil müəssisələrinin daxilində təhsil alan və təhsil verənlərin münasibətləri "Təhsilalanların daxili intizam Qaydaları ilə tənzimlənir".

Yəni universitetlər daxili işlərində müstəqildirlər, amma bu zaman qanunvericilik aktlarına əmək etməyə borcludurlar. Amma onların hüquqlarını tapdamamaq şərti ilə. Yəni qadağalar təhsilin inkişafı üçün, keyfiyyətinin yüksəldilməsi üçün olmalıdır və bu əsaslandırılmış olmalıdır.

Ola bilsin ki, “Təhsil haqqında” Qanunda hansısa məsələlərə toxunulmayıb. Əgər bu məsələ ilə bağlı qanunda heç nə qeyd edilməyibsə, bu o demək deyil ki, universitetlər daxili qaydaları ilə məsələləri istədikləri kimi tənzimləyə bilər. 

Bu hal tələbələrin hüquqlarını pozmaqla bərabər “Təhsil haqqında” Qanunun da demədiyi sözü deyir. Dolayısı ilə, qanundan kənar addım atılır.
Oksford Universiteti haqqında maraqlı bir yazı oxumuşdum. 

Orada qeyd olunurdu ki, universitetə kənardan baxanda tələbələrin əksəriyyətini oxşar geyimdə görürsən. Hətta onların davranışı belə bir-birinə bənzəyir. Standart tələbə davranışı, imici, geyimi, çantaları var. Bizdə isə xaotik vəziyyət hökm sürür. Saqqal saxlamaq, xoşagəlməz geyimlər geyinmək intizamsızlıq əlamətidir.

Hesab edirəm ki, bizə tələbənin forması deyil, məzmunu lazımdır. Forma isə məzmuna çox cüzi, üstəlik uzun müddətdən sonra təsir edə bilər. 

Məsələn, biz özümüz də cəmiyyət olaraq, formaca avropalıyıq, düşüncəmiz isə hələ də şərqli təfəkkürüdür.

Tələbələrin saqqal saxlaması, geyimi, davranışı kimi məsələlərdə optimal variantı tapmaq üçün sosioloji tədqiqat aparmaq vacibdir. Tək tələbələrin deyil, əhalinin də fikrini öyrənmək lazımdır".

Ləman İsmayıl
"Cebhe.info"