Gürcüstan “rus tilovu”na düşür

Gürcüstan “rus tilovu”na düşür

Gürcüstan hakimiyyəti Rusiya ilə diplomatik münasibətləri və Moskvadakı səfirliyin işini bərpa etməyə hazırlaşır.

Gürcüstanın “Mtavari” telekanalı öz mənbələrinə istinadən xəbər verir ki, rəsmi Tiflis artıq ölkənin Moskvadakı diplomatik nümayəndəliyində işləmək üçün işçilər qəbul edir. Rusiya-Gürcüstan münasibətlərində hazırki proseslər fonunda bəzi ekspertlər hesab edir ki, əgər hər iki ölkə arasında münasibətlər normallaşmağa doğru gedərsə, Moskva Cənubi Osetiya və Abxaziya məsələsində rəsmi Tiflisə güzəştə gedə bilər? 

Belə ehtimal olunur ki, hər iki bölgə Gürcüstana ya federativ, ya da konfederatiş şəkildə birləşəcək. Məsələ ilə bağlı Bakı Dövlət Universitetinin beynəlxalq münasibətlər və iqtisadiyyat fakultəsinin müəllimi Sultan Zahidov “Cebhe.info”-a şərhində qeyd edib ki, Gürcüstanda hazırki hakimiyyətin Moskva ilə əlaqələri bərpa etməsi məcburiyyətdən irəli gəlir: 

“Son zamanlar Rusiya-Gürcüstan münasibətlərində müsbət dinamika müşahidə olunur. 

Qeyd etdiyimiz kimi, Gürcüstanın Moskvada diplomatik nümayindəliyini bərpa etməsi, eyni zamanda Rusiyanın Gürcüstan rəhbərliyi ilə təmaslarını intensivləşdirməsi onu göstərir ki, iki ölkə münasibətlərin normallaşmasında maraqlıdır. Sözsüz ki, bunun da müəyyən səbəbləri var. 

İlk növbədə nəzərə almaq lazımdır ki, Qərb güc mərkəzləri - ABŞ və Avropa İttifaqı Cənubi Qafqazda geosiyasi və geoiqtisadi cəhətdən möhkəmlənmək niyyətindədir. Qərb həm Ermənistanda, həm Gürcüstanda vəziyyəti gərginləşdirməklə Rusiyanı Cənubi Qafqazdan sıxışdırıb çıxarmaq və regionda təsir imkanlarını artırmağa çalışır. 

Rusiya isə Gürcüstanda “Gürcü Arzusu”nun hakimiyyətini qoruyub saxlamağa çalışır. 

Bu gün “Gürcü Arzusu” hakimiyyəti Qərbi təhdid gördüyü üçün Rusiyaya yaxınlaşmağa çalışır. Bu gün Tiflisdə indiki hakimiyyətə qarşı etiraz aksiyaları davam edir. 

Belə olan halda Gürcüstan hakimiyyətin Rusiyadan başqa heç bir alternativ görmür. Məcburdur ki, Rusiyaya yaxınlaşsın”. 

O ki qaldı Rusiya-Gürcüstan münasibətlərinin normallaşması fonunda Moskvanın Cənubi Osetiya və Abxaziya məsələsində Tiflisə güzəştə getməsinə, ekspert hesab edir ki, bu, Kremlin siyasi manipulyasiyadır:

“Moskva bu kimi manipulyasiya ilə gürcü xalqına göstərməyə çalışır ki, guya Rusiya onların düşməni deyil və həmin əraziləri geri qaytarmağa hazırdır”. 

Politoloq vurğulayıb ki, indi Rusiyanın Cənubi Osetiya və Abxaziyadan geri çəkilməsi qeyri-mümkün görünür.

“Həm regionda, həm də qlobal dünyada baş verən prosesləri nəzərə alsaq, belə qənaətə gəlmək olar ki, Moskva Cənubi Osetiya və Abxaziyanı Gürcüstana geri qaytaracağı inandırıcı görünmür. Düzdür, Gürcüstan Rusiya üçün geosiyasi, geoiqtisadi və tranzit perspektivləri baxımından xüsusi əhəmiyyət kəsb edir. Rusiya Gürcüstan ərazisi üzərindən Türkiyə, Ermənistan və İranla ticarət əlaqələrini davam etdirir. Amma Cənubi Osetiya və Abxaziya məsələsində hər hansı güzəştin edilməsi Moskva üçün ciddi risklər yarada bilər. 

Birincisi, belə bir addım Rusiyanı Qərbin gözündə zəif bir dövlət kimi göstərəcək. 

İkincisi, bu, Rusiyanın daxilində ciddi narazılıqlara səbəb olacaq. Üçüncüsü, Rusiyanın bir milyona yaxın döyüşçüsü Ukrayna cəbhəsində vuruşur. Əgər Moskva ordusunu iki bölgədən geri çəkib Gürcüstana geri qaytararsa, bu, Ukraynadakı rus əsgərlərinin döyüş ruhuna və cəbhədki proseslərin gedişatına mənfi təsir göstərəcək. Bütün bu aspektlər bu hadisənin baş verməsinə imkan verməyəcək. 

Rusiyanın dövlət başçısı Vladimir Putin ərazi qaytarmır, əksinə ərazi qəsb edir”. 

Yunis Abdullayev 
“Cebhe.info”