İrəvanın cəhdi boşa çıxacaq 

İrəvanın cəhdi boşa çıxacaq 

“Heç bir tərəf Ermənistan Respublikasına sərhəd delimitasiyası tətbiq etməyib. Lakin qeyd etmək lazımdır ki, bəli, Azərbaycan bu 4 məşhur kəndin qaytarılmasında israrlı idi”.

Ermənistan Baş Naziri Aparatının İctimaiyyətlə Əlaqələr və İnformasiya Mərkəzinin direktoru Hor Tsarukyan İctimai Telaviziyaya müsahibəsində belə deyib:

“Azərbaycan heç bir delimitasiya olmadan, heç bir sərhəd göstərmədən kəndlərin qaytarılmasını təkid edirdi. Sadəcə olaraq israr edirdilər ki, kəndləri qaytarın”.

Sərhədlərin delimitasiyası prosesinin Ermənistan Respublikasının Konstitusiyasına və beynəlxalq müqavilələrə zidd olması ilə bağlı tənqidlərə toxunan Tsarukyan qeyd edib ki, delimitasiyası prosesinin hüquqi əsası beynəlxalq hüquqi müqavilə çərçivəsidir:

“Ermənistanın və Azərbaycanın güclü beynəlxalq hüquqi bazası var. Onun əsasında başlayıblar və ümid edirik ki, delimitasiya davam edəcək. Ən səmərəlisi, 1991-ci ildə tərəflər tərəfindən təsdiq edilmiş Alma-Ata Bəyannaməsidir. Onun əsasında Minsk sazişi imzalanıb, təsdiq və ratifikasiya edilib. Minsk sazişinin 5-ci bəndinə və Alma-Ata razılaşmasının 3-cü bəndinə, habelə MDB Nizamnaməsinin müvafiq müddəalarına əsasən, tərəflər həmin dövrdə mövcud olan və hüquqi qüvvəyə malik olan sərhəd xətti boyunca bir-birinin sərhədlərini və ərazi bütövlüyünü tanıyır və tərəflərin bir-birinə qarşı ərazi iddiaları yoxdur”. 

Tsarukyan əlavə edib ki, hər iki ölkədə bu razılaşmalar müvafiq ratifikasiya prosesindən keçib. Bu isə hər iki ölkənin möhkəm hüquqi bazaya malik olması deməkdir. Tsarukyan qeyd edib ki, bu proses sərhədin çəkilməsi, tənzimlənməsi, ərazinin dəyişdirilməsi prosesi deyil, Sovet İttifaqının mövcud sərhədlərinin bərpası və ya təkrar istehsalı prosesidir. 

Qeyd edək ki, Ermənistan hökumətinin rəsmisinin açıqlamasında Azərbaycanla sərhədlərin delimitasiyası və demarkasiyasına dair bir sıra mesajların yer aldığını görmək olar. Hor Tsarukyan delimitasiyanın aparılması üçün 1991-ci ilə dair inzibati sərhədlərin əsas götürülməli olduğunu demək istəyir. Onun Alma-Ata Bəyannaməsinə və Minsk sazişinə istinad etməsi öz fikirlərini hüquqi cəhətdən əsaslandırmaq məqsədi daşıyır. Bu baxımdan, Tsarukyanın delimitasiya prosesinin hüquqi əsası kimi beynəlxalq hüquqi müqavilə çərçivəsini vacib hesab etməsi təsadüf deyil.

Halbuki, Azərbaycanla Ermənistan arasında dövlət sərhədləri ilə bağlı qarşılıqlı hüquqi öhdəlik yaradan müqavilə yoxdur. Azərbaycanın “Dövlət sərhədi haqqında” Qanununa görə, həmsərhəd dövlətlə rəsmiləşdirilməyən sərhəd xətti dövlətlərarası müqavilə ilə təsbit edilir. SSRİ-nin dağılmasından sonra Azərbaycan və Ermənistan arasında belə bir müqavilə imzalanmayıb. Azərbaycan və Ermənistan arasında sərhədlərin delimitasiyası üzrə komissiyalar arasında imzalanmış protokola gəlincə, həmin sənəd Qazax rayonunun Qızılhacılı, Aşağı Əskipara, Xeyrimli və Bağanıs Ayrım kəndlərinin həmsərhəd ərazilərinə aiddir. 

Sovet dövründə Azərbaycan SSR və Ermənistan SSR arasında mövcud olmuş 1007 kilometrlik inzibati sərhədin digər hissələri isə yalnız 1976-cı ildə deyil, müxtəlif dövrlərdə tərtib edilmiş xəritələr əsasında müəyyənləşə bilər. Hor Tsarukyan isə Sovet dövründə mövcud olmuş sərhədlərin təkrar istehsalı məsələsini gündəmə gətirsə də əslində, MDB dövrünə aid olan şərti sərhəd xəttinin legitimliyinin Azərbaycan tərəfindən tanınmasını vacib hesab edir.

Diqqəti çəkən digər məqam isə Tsarukyanın “beynəlxalq hüquqi müqavilə çərçivəsi” adlandırdığı razılaşmaların konstitusiyaya uyğunluğundan daha vacib hesab etməsidir. Hökumət nümayəndəsinin bu çıxışı ilə delimitasiya prosesinin Ermənistanın və Azərbaycanın konstitusiyalarına uyğunluğu məsələsindən yayınmaq cəhdi açıq hiss olunur. Çünki Ermənistan Konstitusiyasına görə, bu ölkə Ermənistan SSR-in deyil, 1918-1920-ci illərdə mövcud olmuş Ararat Respublikasının siyasi varisidir.

Həmin vaxt İrıvan quberniyasında qanunsuz şəkildə yaradılmış və tanınmamış Ermənistan dövlətinin ərazisi 9 min kv. km. təşkil edib. Azərbaycan da konstitusiya ilə 1918-1920-ci illərdə fəaliyyət göstərmiş Azərbaycan Xalq Cümhuriyyətinin siyasi varisi hesab olunur. Qeyd edilən dövrdə AXC-nin ərazisi 114 min kv. km. olub. Ona görə də hazırda rəsmi İrəvan bəzən Sovet dövrünə, bəzən də MDB-nin yarandığı ilk aylara dair müxtəlif sənədlərə istinad etməklə, vaxtilə Azərbaycan SSR-dən qanunsuz olaraq qopardığı torpaqları əldə saxlamağa çalışır. Əslində, 1991-ci ildə Azərbaycan və Ermənistan arasında beynəlxalq hüquqla tanınmış de-yure sərhədlər mövcud olmayıb. 

Çünki həmin dövrdə hər iki ölkə arasında nə delimitasiya və demarkasiya prosesi aparılmışdı, nə də sərhədlərlə bağlı dövlətlərarası müqavilə var idi. Bu səbəbdən, Ermənistan SSRİ dövründə sonuncu topoqrafik xəritələrin tərtib edildiyi 1976-cı ilin sənədlərinə istinad edir. Lakin Sovet dövrü yalnız 1976-cı ildən ibarət deyil. Həmin xəritələrə qayıdış sovetləşmənin ilk illərinin də sənədlərinin masaya gəlməsinə səbəb ola bilər. Ona görə də Ermənistan 1991-ci ilə, yəni SSRİ-nin dağıldığı və MDB-in yarandığı vaxta aid Alma-Ata Bəyannaməsi, Minsk sazişi kimi sənədləri hüquqi baza kimi əsas götürməyə çalışır. 

Paşinyan hakimiyyətinin niyyəti hər iki razılaşmada əksini tapmış ərazi bütövlüyü və sərhədlərin toxunulmazlığı prinsipinə istinad edərək Ermənistanın 29743 kv. km. ərazi bütövlüyünün Azərbaycan tərəfindən bəri başdan tanınmasına dair öhdəliyin sülh müqaviləsinə daxil edilməsinə nail olmaqdır. Ermənistan rəhbərliyi indiyə qədər hüquqi baza kimi Alma-Ata Bəyannaməsində israr edirdi. Ancaq Hor Tsarukyanın açıqlaması rəsmi İrəvanın daha bir “hüquqi arqument” tapdığını göstərir.

Hətta Azərbaycanla sülh müqaviləsinin mətninə dair son yazışmalarda Ermənistan tərəfinin Alma-Ata Bəyannaməsi ilə yanaşı, Minsk sazişinə də istinad etdiyi istisna olunmur. Ancaq hər iki sənədi birtərəfli şəkildə pozan Ermənistan olub. Alma-Ata Bəyannaməsinin 3-cü bəndində sənədi imzalayan respublikalarının ərazi bütövlüyünə hörmət edilməsi və sərhədlərinin dəyişdirilməməsi barədə razılaşma öz əksini tapıb. Ermənistan isə Azərbaycana qarşı işğalçılıq müharibəsi həyata keçirməklə bu öhdəlikdən imtina edib. 

Eyni zamanda, Ermənistan Azərbaycanla sərhədlərindən imtina edib. Ona görə də hazırda Azərbaycanla Ermənistan arasında delimitasiya edilmiş 12,7 km. sərhəd xəttindən başqa sərhəd yoxdur. Müstəqil Dövlətlər Birliyinin yaradılmasına dair Minsk sazişində də eyni vəziyyət müşahidə olunur. Həmin müqavilənin 5-ci maddəsində qeyd edilir:

“Razılığa gələn Yüksək Tərəflər bir-birinin ərazi bütövlüyünü və birlik daxilində mövcud sərhədlərin toxunulmazlığını tanıyır və hörmətlə yanaşırlar. Onlar açıq sərhədlərə, vətəndaşların sərbəst hərəkətinə və Birlik daxilində məlumatların ötürülməsinə zəmanət verir”. 

Göründüyü kimi, Ermənistan Alma-Ata Bəyannaməsində olduğu kimi, Minsk sazişində də Azərbaycanın ərazi bütövlüyünün və sərhədlərin toxunulmazlığına dair götürdüyü öhdəliyi pozub. Hələ də Ermənistanın Konstitusiyasında və digər hüquqi-normativ aktlarında Azərbaycana qarşı ərazi iddiaları qalır. Bunlar isə həm sözügedən Bəyannaməyə, həm də Minsk sazişinə ziddir.

Üstəlik, Azərbaycan və Ermənistan MDB-nin üzvü olduğu halda, rəsmi İrəvan Minsk sazişini pozaraq Zəngəzur dəhlizini açmır və açıq sərhədlər prinsipinə, vətəndaşların sərbəst hərəkətinə mane olur. Tsarukyan onu da unudur ki, 1991-ci il dekabrın 21-də imzalanmış Alma-Ata Bəyannaməsi 13 gün əvvəl qəbul edilmiş Minsk sazişi üçün hüquqi baza yarada bilməz. 

Müşfiq Abdulla
"Cebhe.info"