Sülh müqaviləsində son ştrixlər

Sülh müqaviləsində son ştrixlər

“Azərbaycanla sülh müqaviləsinin mətnində son ştrixlərə düzəlişlər edilməlidir. Bundan sonra sənəd imzalana bilər”.

Ermənistan Baş naziri Nikol Paşinyan parlamentdə jurnalistlərə belə deyib. O qeyd edib ki, sülh müqaviləsi layihəsinin mövcud mətni kifayət qədər yetkindir.

“Bir ay ərazində Azərbaycanla sülh sazişini imzalamağa hazırıq”, - deyə Baş nazir vurğulayıb.

Nikol Paşinyan “son ştrixlər” dedikdə, sülh müqaviləsində söhbətin hansı təkliflərdən getdiyini açıqlamayıb. Lakin həm Baş nazirin özünün, həm də digər Ermənistan rəsmilərinin açıqlamaları sözügedən “ştrixlər”i aydınlaşdırmağa imkan verir. Yəni Paşinyan sülh müqaviləsinin mətni ilə bağlı bəzi təkliflərlə bağlı Azərbaycanla kompromis əldə olunacağı təqdirdə, qısa müddətdə sənədi imzalamağa hazır olduğunu demək istəyir. Əslində, Paşinyanın bu mesajı Ermənistanın müəyyən şərtləri diqtə etmək cəhdi kimi də başa düşülə bilər. 

Belə ki, rəsmi İrəvan ilk növbədə, Azərbaycandan Ermənistanda konstitusiya referendumu ilə bağlı tələbləri geri götürməsini vacib hesab edir. Rəsmi Bakı Ermənistan konstitusiyasının preambula hissəsində Azərbaycana qarşı ərazi iddialarını nəzərdə tutan bəndin ali qanundan çıxarılmasını tələb edir. Bundan başqa, Ermənistanın digər hüquqi-normativ aktlarında Azərbaycana qarşı ərazi iddilarına xitam verilmədən sülh müqaviləsi imzalana bilməz. 

Paşinyan 20204-cü ilin əvvəlində Ermənistanın tamamilə yeni konstitusiyanın qəbul ediləcəyini bəyan etsə də, indi fərqli mövqe sərgiləyir. Rəsmi İrəvan konstitusiya islahatı aparmadan sülh müqaviləsini imzalamağa hazır olduğunu bildirir. Hətta bir müddət Nikol Paşinyan bildirmişdi ki,Vyana Konvensiyasının 27-ci maddəsinə görə, daxili qanunvericilik Ermənistanın beynəlxalq müqavilələrdən yayınmasına əsas yarada bilməz. Ancaq Ermənistan heç vaxt beynəlxalq hüquqa məhəl qoymayıb.

Əgər Ermənistanda hakimiyyət dəyişikliyi baş verərsə, rəhbərliyə gələn başqa siyasi qüvvə konstitusiyanı və digər qanunvericilik aktlarını əsas götürərək sülh müqaviləsinin şərtlərinin icrasından imtina edə bilər. Yəni sülh sazişi imzalansa belə, Ermənistan konstitusiyasına görə, Qarabağ bu ölkənin “ərazisi” hesab ediləcək. Siyasi ekspertlərin fikrincə, konstitusiya referendumu keçirilmədən Azərbaycan və Ermənistan arasında çərçivə sazişi imzalana bilər. Lakin Ermənistan hakimiyyəti həmin sənədlə yekun sülh müqaviləsi imzalanana qədər Azərbaycana qarşı ərazi iddialarının konstitusiyadan və digər hüquqi-normativ aktlardan çıxaracağına dair hüquqi öhdəlik götürməlidir. 

Paşinyan ikinci “ştrix”dən söz açmaqla 1991-ci il Almatı Bəyannaməsinə əsasən, Ermənistanın 29743 kvadrat kilometr ərazisinin Azərbaycan tərəfindən tanınmasına dair bəndin sülh müqaviləsinin mətninə daxil edilməsini nəzərdə tutur. Halbuki, Ermənistanın ərazisi sərhədlərin delimitasiyası və demarkasiyası prosesi başa çatdıqdan sonra müəyyənləşə bilər.

Paşinyan hakimiyyəti isə bu bəndin bəribaşdan sənədə daxil edilməsinə nail olmaqla Azərbaycan qarşısında hüquqi öhdəlik yaratmaq istəyir. Çünki 1991-ci ildə Almatı Bəyannaməsi imzalanan zaman Ermənistanın Azərbaycanla beynəlxalq səviyyədə tanınmış de-yure sərhədləri olmayıb. Hələ də iki ölkə arsında Qazax-Tavuş istiqamətində razılaşdırılmış 12,7 kilometr sərhəd xətti istisna olmaqla rəsmi sərhəd yoxdur. 

Sovet dövründə mövcud olmuş 1007 kilometrlik inzibati sərhədin 994,3 kilometri şərti olaraq qalır. Sərhədlər Sovet dövrü xəritələri əsasında delimitasiya olunduğuna görə, Azərbaycan qanunsuz olaraq Ermənstan SSR-ə verilmiş 20 min kv.km. tarixi torpaqlarını geri tələb etmək hüququna malikdir. Bundan narahat olan Ermənistan həmin torpaqları öz yurisdiksiyasında saxlamaq üçün 29743 kv.km. əraziyə malik olduğuna dair müqavilə öhdəliyinin sülh sazişində Azərbaycan tərəfindən tanınmasına çalışır. Ancaq Azərbaycan belə bir güzəştə gedəcəyi real görünmür. 

Müşfiq Abdulla
"Cebhe.info"