Tibb işçilərinin sertifikasiya imtahanlarının sualları dəyişəcək

“Sertifikasiya imtahanlarında dəyişiklik olacaq, təkmilləşmə aparılacaq”.
"Cebheinfo.az" xəbər verir ki, bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında Azərbaycan Respublikasının Əmək Məcəlləsində, “Əhalinin sağlamlığının qorunması haqqında”, “Özəl tibb fəaliyyəti haqqında” və “Dərman vasitələri haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” qanun layihəsinin müzakirəsində Səhiyyə Nazirliyinin İnsan resursları, elm və təhsil şöbəsi müdirinin müavini Təranə Əhmədova deyib.
O bildirib ki, sualların orta ağırlığına görə bölünməsi həyata keçiriləcək: “Sertifikasiya imtahanın qaydalarında da, test suallarının özündə də dəyişiklik olunacaq. Sualların yenilənməsi, onların mürəkkəblik dərəcəsinə görə sadə, orta və mürəkkəbə ayrılması nəzərdə tutulur. Ümumiyyətlə, sertifikasiya imtahanlarında təkmilləşmə olacaq".
Təranə Əhmədova əlavə edib ki, Səhiyyə Nazirliyi kredit ballarının toplanması və hesablanmasına dair tələblər hazırlayır: "Kredit fəaliyyətləri, davamlı peşəkar inkişaf tədbirləri çox genişdir. Onlar imkan verəcək ki, tibb işçiləri yalnız təlimə getməklə yox, müxtəlif fəaliyyətlərlə öz elmi biliyini artırsın. Özəl və dövlət sektorunda fərq olmayacaq, bu qərarlar bütün tibb müəssisələrinə bu qərarlar şamil olunacaq”.
"Cebheinfo.az"