Şərurlu İsfəndiyar ekspertin evini geri almadı

Narkomaniya üzrə ekspert Emil Maqalovun "Şərur" MTK ilə bağlı şikayəti müsbət həllini tapıb.
"Cebheinfo.az" xəbər verir ki, o, bu barədə şəxsi "Facebook" hesabında paylaşım edib.
Ekspert bugünkü paylaşımında bildirib ki, məsələ artıq həll olunub.
O, problemin ictimailəşməsində rol oynayan jurnalistlərə və problem ilə maraqlanan dostlarına öz təşəkkürünü bildirib:
“Dünən paylaşdığım, “Şərur” MTK ilə evimlə bağlı məsələ sizin sayənizdə öz həllini tapdı. Allah sizlərdən razı olsun. Allah jurnalistləri, təşkilatın üzvlərini, virtual və qeyri-virtual dostları qorusun. Allah sizə min əvəzini versin. Minnətdaram, çox sağ olun”.
Qeyd edək ki, Emil Maqalov bir gün əvvəl Saray qəsəbəsində yerləşən “Jasmin Park” yaşayış kompleksindən kreditlə aldığı mənzilin müqavilə şərtləri ilə bağlı haqsızlığa məruz qaldığını ictimailəşdirmişdi.
O qeyd etmişdi ki, 3 aya yaxın kredit ödənişində gecikməsi olub. Əvvəllər 2-3 aylıq borcu toplu şəkildə ödəyərkən heç bir problem yaşanmayıb və ona bu barədə xəbərdarlıq edilməyib. Bu dəfə isə ona əlavə 20 min AZN ödəməyəcəyi halda evinin geri alınacağı bildirilmişdi.
Əfsanə Rəcəb
“Cebheinfo.az”