ABŞ-də Trampa qarşı impiçment qətnaməsi təqdim edildi

ABŞ-də Trampa qarşı impiçment qətnaməsi təqdim edildi

ABŞ Prezidenti Donald Trampın müşavirləri, növbəti il Konqresin Nümayəndələr Palatasında demokratlar çoxluq təşkil edəcəyi təqdirdə, ona qarşı yenidən impiçment prosedurunun başlanacağı ehtimalını ciddi şəkildə nəzərdən keçirirlər.

"Cebheinfo.az" bildirir ki, bu barədə “Axios” portalı öz mənbələrinə istinadən məlumat yayıb.

Tramp artıq iki dəfə impiçmentlə üzləşmiş yeganə ABŞ Prezidentidir. Onun komandası bu prosesin Ağ Evin işinə necə mənfi təsir göstərə biləcəyini yaxşı bilir. 

Məhz buna görə administrasiya seçkilərə qədər planlaşdırdığı qanun layihələrini sürətlə həyata keçirməyə çalışır.

Ağ Evin müşaviri Con Maklaflin deyir ki, impiçment ehtimalı  respublikaçılar üçün siqnaldır:

“Fikir ayrılıqlarını bir kənara qoyub Trampın iqtisadi planlarını, xüsusilə də 2017-ci il vergi güzəştlərinin uzadılmasını dəstəkləməlidirlər”.

Bu arada demokrat konqresmen Şri Tanedar Trampa qarşı yeni impiçment təşəbbüsü ilə çıxış edib.

O, Prezidentin Konstitusiyanı pozduğunu, söz azadlığına təzyiq etdiyini, korrupsiyaya yol verdiyini və hətta suveren ölkələri hərbi müdaxilə ilə hədələdiyini iddia edir.

Tanedar Trampı həm də "qanunsuz qurum" yaratmaqda ittiham edir.

Söhbət Hökumətin Səmərəliliyi Departamenti (DOGE) adlı yeni bir dövlət idarəsindən gedir. Onun rəhbəri İlon Maskdır və iddiaya görə, o, bu vəzifədə Konstitusiyanı birtərəfli qaydada pozmaq səlahiyyətinə malikdir.

Hələlik impiçmentin baş tutma ehtimalı azdır, çünki hazırda Konqresin hər iki palatasında respublikaçılar üstünlük təşkil edir. Amma demokratlar artıq prosesə hazırlıq görürlər.

Xatırladaq ki, Trampın ilk impiçment cəhdləri onun birinci prezidentlik dövründə, yəni 2019-2021-ci illərdə baş tutmuşdu, lakin hər dəfə Senat onu müdafiə etmişdi.

Səbinə Uğur
"Cebheinfo.az"