Musa Quliyev: "Hər il əmək bazarına 100-150 min gənc gəlir"

"Bu layihə ortaya çıxana qədər bizə professorlar yazılı və şifahi müraciətlər edirdilər. Deyirdilər ki, elmlər doktoru, professoru niyə beş ildən bir yenidən imtahan verməlidir".
"Cebheinfo.az" xəbər verir ki, bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev bu gün keçirilən komitə iclasında Əmək Məcəlləsində, "Əhalinin sağlamlığının qorunması haqqında", "Özəl tibb fəaliyyəti haqqında" və "Dərman vasitələri haqqında" qanunların müzakirəsi zamanı bildirib.
O bildirib ki, imtahan götürənlər titul baxımından professorlardan aşağı pillədə dayanan şəxslərdir:
"Beləliklə, mənəvi-psixoloji çətinliklər də yaranırdı. Bizim məqsədimiz o deyil ki, imtahanda həkimlərə çətinlik yaradan suallar qoyulsun. Əsas humanizm məqsədilə yanaşmaq lazımdır ki, təkcə həkimlər yox, orta tibb işçilərinə də nəzəri deyil, praktik suallar vermək lazımdır. Biz anatomiya keçəndə yadımdadır, o qədər ağır suallar salırdılar, sonradan o sualların 80%-i heç bizə lazım olmurdu. Yəni həm kredit ballarının toplanmasında, həm də sertifikasiyada praktik, həkimə nə lazım olacaqsa, onları suala salmaq lazımdır".
Deputat əlavə edib ki, hər il əmək bazarına 100-150 min gənc gəlir:
"Biz onları yaxşı işlərə yerləşdirmək barədə düşünməliyik, nəinki məhdudiyyətlər qoymaq, kimisə sertifikasiyadan kəsmək".
"Cebheinfo.az"