Milli birlik və həmrəylik üçün vacib SƏFƏR

Milli birlik və həmrəylik üçün vacib SƏFƏR

Bu gün Azərbaycan Respublikası Prezident Administrasiyasının təşkilatçılığı ilə ölkədə fəaliyyət göstərən siyasi partiyaların nümayəndələri, millət vəkilləri, politoloq və siyasi şərhçilər, həmçinin internet televiziya kanallarının rəhbərləri, qəzet redaktorları və digər jurnalistlər növbəti dəfə Ağdama səfər ediblər. 

Səfər iştirakçıları Bakıdan Ağdama sürət qatarı ilə yola düşüblər. Səfər zamanı nümayəndə heyətini Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyev müşayiət edir.

Səfər iştirakçılarından olan Azad Vətən Partiyasının sədri Akif Nağı təəssüratlarını “Cebheinfo.az” ilə bölüşüb: 

“Səfər çox gözəl və yüksək səviyyədə təşkil olunub. Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsi tərəfindən işğaldan azad edilmiş ərazilərə sayca 8-ci səfərdir. Bu dəfə qatarla gəldik. Qatarla gəlməyin özü də xüsusi əhəmiyyət kəsb edir.

Çünki hamımızda bir qatar həsrəti var idi. Axırıncı qatar düz 32 il əvvəl Bakıdan Ağdama gəlmişdi. Şükürlər olsun ki, bu həsrətə də son qoyduq. Bir neçə aydan sonra artıq qatarla da səfərlər hamı üçün əlçatan olacaq”. 

Partiya sədri qeyd edib ki, Ağdamda çox böyük quruculuq işləri gedir: 

“Şəhərin hər yerində bu quruculuq və bərpa işlərini görürük. Ağdamda çox sayda iaşə obyektləri və evlər tikilir. Yəni burada hər cür şərait yaradılıb. Ağdam, Füzuli və Xocavənd rayonları üzrə Prezidentin xüsusi nümayəndəsi Emin Hüseynov aparılan işlər barədə bizə geniş məlumat verdi.

O, bizi maraqlandıran bütün sualları cavablandırdı. Həmçinin, bundan sonra Ağdamda görüləcək işlər və hədəflər barədə də məlumatlar verildi. Bu səfərlər zamanı biz Böyük Qayıdışa şahidlik edirik. Həyata keçirilən quruculuq işlərinin miqyasını görürük. İnsanlar artıq öz doğma dədə-baba torpaqlarında yaşamağa başlayıblar”.

Akif Nağı diqqətə çatdırıb ki, bu səfərlər milli birlik və həmrəylik üçün olduqca böyük əhəmiyyətə malikdir: 

“Milli birlik və həmrəylik çox vacib məsələdir. Siyasi partiyalar ölkənin və cəmiyyətin təşkilatlanmış hissəsidir. Yəni partiyalar arasında münasibətlərin normal olması bütövlükdə milli birliyin əldə olunması deməkdir. Bu, həm də xalqla hakimiyyətin bir arada olduğunu göstərir”. 

Elmir Mustafa 
“Cebheinfo.az”