"ATV"-nin efirində nə baş verib? - Əməkdar artistdən ŞOK SÖZLƏR

“ATV” kanalında yayımlanan "Bizimləsən" verilişində gərgin anlar yaşanıb.
Belə ki, proqrama gələn şikayətçi ilə Əməkdar artist Mehriban Xanlarova arasında mübahisə düşüb.
Babası üçün efirə gələn qıza aktrisa "Get, babana təmiz bax. İydən burada otura bilmirəm. Allahsız. Nə gündəsən. Sən kimsən" sözlərini deyib.
İlahə adlı qadın isə aparıcıya müraciət edərək "Biz sadə vətəndaşlarıq.
Heç kimin ixtiyari yoxdur bizimlə təhqirlə danışsın" etirazını bildirib.
M.Xanlarova daha sonra qadının üstünə hücum edib.
Məsələ ilə bağlı “Cebheinfo.az”-a açıqlamasında Mehriban Xanlarova bildirib ki, uzun illərdir sosial yönümlü proqramlarda ekspert kimi iştirak edir və bu prosesdə əsas məqsədi insanlara düzgün yol göstərmək, təcrübəsinə əsaslanaraq çıxış yolları axtarmaqdır.
Əməkdar artist qeyd edib ki, Azərbaycan ictimaiyyətinin böyük bir hissəsi yaxşı bilir ki, heç vaxt haqsızlığa göz yumuram:
“Biz bu verilişlərə ekspert olaraq qatılırıqsa, bu o demək deyil ki, büsbütün qüsursuzuq və həyatımızda səhvlər olmayıb. Əksinə, elə həyat təcrübəmiz, yaşadığımız acı və şirin hadisələr bizə imkan verir ki, studiyaya gələn insanlara düzgün yol göstərək, onlara nəsihət verək, bəzən isə birlikdə çıxış yolu axtaraq ki, həyatları puç olmasın.
Təəssüf ki, bəzən verilişə müraciət edən şəxslər bizdən mühüm məlumatları gizlədirlər. Daha sonra sosial şəbəkələr üzərindən bizə yazaraq bildirirlər ki, filan iştirakçı efirdə yalan danışıb. Biz bu yalanları üzə çıxaranda isə onlar həqiqətləri həzm edə bilmirlər”.
Onun sözlərinə görə, sosial proqramlardakı prinsipial mövqeyi və həqiqəti çəkinmədən dilə gətirməsi səbəbindən ona xalq arasında “Düzünə Mehriban” ləqəbi verilib:
“Aparıcı Zaur Baxşəliyevin "Bizimləsən" verilişinə müraciət edən 80 yaşlı bir kişi hazırda ortada qalıb. Hətta onunla bağlı xoşagəlməz qoxu məsələsi belə diqqətdən yayınmayıb. Nəvəsi və nəticəsi studiyaya gələrək ev davası edir, guya babalarına görə can yandırırlar.
Mən isə açıq şəkildə dedim: “Əvvəlcə babanıza insan kimi baxın, sonra ev üstündə mübahisə edin”. Bu isə qarşı tərəfdə narazılıq doğurdu, münaqişəyə çevrildi.
Məhz sosial verilişlərdəki prinsipial və tərəfsiz ekspert fəaliyyətimə görə xalq arasında mənə “Düzünə Mehriban” ləqəbi verilib. Bu ad, illərdir cəmiyyətin qarşısında qorxmadan həqiqəti söylədiyim, ağa “ağ”, qaraya “qara” dediyim üçün mənə layiq görülüb.
Mən peşəkar aktrisayam. İstəsəm, elə aristokrat, xanım-xatun obrazı yaradaram ki, hamı heyrətlə baxar. Amma efirdə sərgilədiyim emosiyalar rol deyil, içdən gələn bir yanğı, bir vətəndaş ağrısıdır. Yoxsa heç vaxt səhhətimə zərər verəcək qədər hisslərə qapılmaram”.
Əfsanə Rəcəb
“Cebheinfo.az”