Milli Qəhrəman Albert Aqarunovun doğum günüdür

Milli Qəhrəman Albert Aqarunovun doğum günüdür

Bu gün Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun doğum günüdür.

“Cebheinfo.az” xatırladır ki, Albert Aqarunov 25 aprel 1969-cu il Bakının Əmircan qəsəbəsində anadan olub.

Suraxanı rayonundakı 154 saylı məktəbin səkkizinci sinfini bitirərək peşə məktəbində sürücü-mexanik ixtisasına yiyələnib, 1987-ci ildə isə hərbi xidmətə çağırılıb və xidməti dövründə tank komandiri olub.

Daha sonra Bakıya dönərək Suraxanıda Maşınqayırma zavodunda işləyib. Qarabağ müharibəsi başlayarkən 1992-ci ildə Albert Aqarunov könüllü olaraq cəbhəyə yollanıb. Tank komandiri təyin edilən Albert Aqarunov Şuşa cəbhəsində döyüşüb.

O Xankəndi, Daşaltı, Cəmilli istiqamətində gedən döyüşlərdə erməni işğalçılarının xeyli canlı qüvvəsini, zirehli texnikasını məhv edib. Ermənilərin Şuşaya hücumu vaxtı Albert Aqarunov düşmənin 9 tank, 7 “ZTR” və bir çox texnikanı məhv edib. Buna görə döyüş yoldaşları tərəfindən "yəhudi buterburodu" adını alıb. 

Albert Qarabağ müharibəsində əfsanəyə çevirilmişdi. Onun şücaətindən danışmayan yox idi. O dövrdə hərkəs tankını Albert adlandırırdı. Ermənilər onun başına pul mükafatı qoymuşdular.

A.Aqarunov 8 may 1992-ci ildə Şuşa uğrunda gedən döyüşlərdə şəhid olub. Azərbaycan Respublikası prezidentinin 7 iyun 1992-ci il tarixli 833 saylı fərmanı ilə Aqarunov Albert Aqarunoviç ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülüb. Bakıda Şəhidlər xiyabanında dəfn edilib.

“Cebheinfo.az”