Türkiyədə bu gün ikinci zəlzələ baş verdi

Türkiyədə bu gün ikinci dəfə zəlzələ baş verib. Bu dəfə təkanlar Mərmərə dənizində Böyükçəkməcə sahillərində qeydə alınıb.
"Cebheinfo.az" xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) xəbər yayıb.
Bildirilib ki, zəlzələ 3.6 bal gücündə olub. Episentr 7.8 km dərinlikdə qeydə alınıb.
Qeyd edək ki, bundan əvvəl Türkiyənin Kütahya şəhərində 4.5 maqnitudalı zəlzələ olub.
Xatırladaq ki, aprelin 23-də İstanbulun Silivri sahillərində yerli vaxtla saat 12:49-da 6.2 bal gücündə zəlzələ baş verib və həm İstanbulda, həm də ətraf vilayətlərdə vətəndaşlar arasında təşvişə səbəb olub. Yeraltı təkanın Şimali Anadolu Qırılma Xəttinin Orta Mərmərə seqmentində, yerin təxminən 7 kilometr dərinliyində qeydə alınıb. Zəlzələnin təxminən 13 saniyə davam etdiyi və 300 kilometrlik bir ərazidə hiss edildiyi vurğulanıb. AFAD-ın son məlumatına görə, İstanbuldakı güclü zəlzələdən sonra 291 afterşok qeydə alınıb.
"Cebheinfo.az"