İntihara cəhd edən qazi ilə bağlı açıqlama

Ötən gün Gəncədə intihara cəhd edən Vətən müharibəsi qazisi Elmar Nəsirovun vəziyyəti açıqlanıb.
TƏBİB-dən “Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirilib ki, aprelin 24-ü saat 18:20 radələrində 2001-ci il təvəllüdlü şəxs (kişi cinsli) Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Abbas Səhhət adına xəstəxananın Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
Dərman zəhərlənməsi diaqnozu təyin edilən pasiyentə zəruri tibbi xidmətlər göstərilib. Vəziyyəti orta ağır qiymətləndirilən şəxsin müalicəsi müvafiq şöbədə davam etdirilir.
APA-nın məlumatına görə, Goranboy rayonunun Borsunlu kənd sakini E.Nəsirov dərman içərək intihara cəhd edib. Onun hansı səbəbdən intihara cəhd etdiyi məlum deyil.
Qeyd edək ki, 2001-ci il təvəllüdlü Elmar Elmir oğlu Nəsirov 44 günlük Vətən müharibəsinin iştirakçısı olub. Füzuli-Xocavənd istiqamətlərində aparılan döyüşlərdə yaralanıb. “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” və “Cəsur döyüşçü” medalları ilə təltif edilib. O, YAŞAT Fondunun xətti ilə Türkiyədə müalicə edilib və 14 dəfə əməliyyat olunub.
"Cebheinfo.az"